“Azərbaycanı dünya liderliyinə aparan böyük rol
Siyasət

“Azərbaycanı dünya liderliyinə aparan böyük rol" mövzusunda videokonfrans

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə "Azərbaycanı dünya liderliyinə aparan böyük yol" mövzusunda videoformatda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a partiyanın mətbuat xidmətindən bildirilib.

YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Gəncə, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Naftalan, Qazax, Ağstafa, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan yaxın günlərdə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcək: "Müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsə məlumdur. 1991-1993-cü illər Azərbaycanın çoxəsrlik tarixinə qara səhifə kimi yazılıb. Həmin dövrdə ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsi xalqda sabaha böyük ümidsizlik ovqatı yaratmışdı. Belə çətin bir dövrdə xalq üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti qısa müddətdə Azərbaycanı sabitlik diyarına çevirdi. Azərbaycanda bütün inkişafın əsası kimi qəbul olunan sabitliyin, normal iqtisadi mühitin yaradılması ölkəmizin böyük investisiyalar məkanına çevrilməsinə, ən əsası siyasi müstəqilliyinə geniş imkanlar açdı. Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi".

A.Rəhimzadə diqqətə çatdırıb ki, son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti olduğunu böyük inamla deyirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin təntənəsi bugünkü Azərbaycandır. O Azərbaycan ki, 44 gündə Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoydu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi.

U.Ələkbərov hərbi-siyasi uğurun informasiya təminatından bəhs edib: "Dövlətimizin başçısı İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də hazırkı postmünaqişə dövründə xarici mətbuata müsahibələrinə diqqət yetirdikdə informasiya cəbhəsində üstünlüyümüzün özünü qabarıq şəkildə büruzə verdiyini görürük. Ölkə Prezidenti böyük qətiyyətlə 30 illik işğal dövrünün reallıqlarını, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan ərazilərinin geri qaytarılması istiqamətində səylər göstərdiyini, 30 ildə sülh danışıqlarına üstünlük versə də qarşı tərəfin əsassız iddiaları, imitasiya naminə danışıqlara qoşulması nəticəsində sülh yolunun səmərə vermədiyini konkret faktlarla diqqətə çatdıraraq bir daha bildirir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını böyük qətiyyətlə aldı, tarixə Zəfər səhifəsini yazdı".

Məruzə ətrafında çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə bu gün beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan, söz sahibi olan Azərbaycanın uğurlarında Heydər Əliyev yolunun rolundan danışıb. Bildirib ki, bu siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı qalib ölkə kimi tanıtdı.

YAP Veteranlar Şurasının üzvü Südeyif İmamverdiyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev uğurlu və düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev adını tarixə işğal altında olan torpaqlarımızın xilaskarı kimi yazdı.

YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov və Tahir Rzayev tarixi Zəfərimizin Azərbaycanı inkişafa, tərəqqiyə aparan yolun təqdimatı olduğunu bildiriblər. Qeyd ediblər ki, möhkəm təməl daim ölkəni inkişafa, tərəqqiyə aparır. Azərbaycan dünya birliyinin fəal üzvü kimi cərəyan edən proseslərə ədalətli mövqeyini nümayiş etdirir, balanslaşdırılmış xarici siyasəti ilə davamlı uğurlara imza atır.

Videokonfrans diskussiya şəklində davam edib.

YAP Şəmkir rayon təşkilatının üzvü Emin İsmayılovun, Tovuz rayon təşkilatının üzvü Nihad Pənahovun, Şabran rayon təşkilatının üzvü Gülər Kərimovanın və Göygöl rayon təşkilatının üzvü Vüqar Hüseynovun sualları cavablandırılıb.

AZƏRTAC