Belarus İstintaq Komitəsinin sədri: Səmərəli əməkdaşlıq transmilli cinayətkarlığa qarşı mübarizəyə böyük fayda verəcək
MÜSAHİBƏLƏR

Belarus İstintaq Komitəsinin sədri: Səmərəli əməkdaşlıq transmilli cinayətkarlığa qarşı mübarizəyə böyük fayda verəcək

Transmilli cinayətkarlığa qarşı birgə mübarizə bu gün dünyanın aparıcı ölkələrinin hüquq-mühafizə orqanları üçün prioritetlərdən birinə çevrilməkdədir. Hesab edirik ki, səmərəli əməkdaşlıq müasir dünyanın başlıca problemlərindən biri ilə mübarizəyə böyük fayda verəcək.

AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Belarus Respublikası İstintaq Komitəsinin sədri Dmitri Qora yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

Nümayəndə heyətinin rəhbəri ikitərəfli əməkdaşlıqla bağlı gözləntilərə dair suala cavabında bu işbirliyinin uzun müddətdir davam etdiyini, münasibətlərin dərinləşdirilməsinin zəruriliyini vurğulayaraq bildirib: "Budəfəki səfərimizin məqsədi, ilk növbədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında əməkdaşlığı inkişaf etdirmək, onun səmərəliliyini artırmaqdır".

Səfər çərçivəsində Belarus Respublikası İstintaq Komitəsinin İxtisasartırma və Yenidən Hazırlıq İnstitutu ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladan Dmitri Qora bildirib: "Bu sahədə Azərbaycanın Prokurorluğunun kifayət qədər zəngin təcrübəsindən, həmçinin Belarus İstintaq Komitəsinin özünü doğrultmuş təcrübə və biliklərindən müstəntiqlərimizin faydalanmasına nail olmalıyıq". Bunun uğurlu əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını vurğulayan qonaq hər iki tərəfin elmi və təhsil sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

Belarus İstintaq Komitəsinin sədri nümayəndə heyətinin üzvləri ilə Baş Prokurorluğun İstintaq İdarəsində keçirilən görüşün transmilli cinayətkarlıqla mübarizədə hansı perspektivlər vəd etməsinə dair suala cavabında deyib: "Dünənki görüşdə bu məsələ ilə bağlı qarşılıqlı fikir mübadiləsi göstərdi ki, bizim Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə transmilli cinayətkarlığa, xüsusilə kibercinayətkarlığa qarşı mübarizədə görüləsi işlərimiz çoxdur. Kibercinayətkarlığa qarşı mübarizənin əhəmiyyətini xüsusi vurğulamağı lazım bilirik. Çünki onun mənimsədiyi texnologiyalar sərhəd tanımır".

Dmitri Qora ölkəmizə səfəri ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərkən bildirib: "Nümayəndə heyətimiz dünəndən Bakıdadır. Diqqətəlayiq ölkənizin və xalqınızın Belarus, onun xalqı ilə oxşar cəhətləri çoxdur. Bu, şəxsən mənim qəlbimə əbədi həkk olundu".

AZƏRTAC