Əsirlikdə olan Şəmsi Şıxaliyev: Ermənilər azərbaycanlıların meyitlərini ekskovatorla qazılan çalalarda basdırdılar
MÜSAHİBƏLƏR

Əsirlikdə olan Şəmsi Şıxaliyev: Ermənilər azərbaycanlıların meyitlərini ekskovatorla qazılan çalalarda basdırdılar

Erməni hərbçiləri azərbaycanlıların meyitlərini salafana büküb "KamAZ"a yığmışdılar. Cəsədləri basdırmaq üçün ekskovatorla çalalar qazdılar. Hamısını burada çalalara boşaltdılar.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığın yerini göstərən Şəmsi Şıxaliyev deyib.

Birinci Qarabağ müharibəsində erməni əsirliyində olan Şəmsi Şıxaliyev bildirib ki, 1993-cü ildə özü Bakıda işləsə də, valideynləri Füzulinin Aşağı Seyidəhmədli kəndində yaşayırdılar. "Kəndimizin təhlükədə olduğunu eşidib ata-anamı təhlükəsiz yerə aparmaq üçün Aşağı Seyidəhmədliyə gəlmişdim. Burada da əsir düşdüm. 1993-cü ilin sentyabrı idi. Ermənilər o günlərdə Füzulidə kütləvi qırğın törətmişdilər. Azərbaycanlıların meyitlərini salafana büküb "KamAZ"a yığmışdılar. Cəsədləri basdırmaq üçün burada ekskovatorla çalalar qazdılar. Hamısını burada çalalara boşaltdılar. Bizə - əsirlikdə olan 6-7 nəfərə həmin çalaları torpaqla doldurtdular", - deyə o əlavə edib.

Müharibədən sonra beynəlxalq təşkilatların vasitəsilə əsirlikdən azad edilən və Azərbaycana qayıdandan Şəmsi kütləvi məzarlıq barədə dövlət qurumlarına məlumat verib. Kütləvi məzarlıqda 15-20 nəfərin basdırıldığı ehtimal olunur.

AZƏRTAC