Beynəlxalq konfrans çərçivəsində nazir Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib
Digər xəbərlər

Beynəlxalq konfrans çərçivəsində nazir Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib

Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində mədəniyyət naziri Anar Kərimov Albaniyanın mədəniyyət naziri Elva Marqariti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğuna vurğulanıb. Bu kontekstdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin xalqlar arasında mədəni bağların gücləndirilməsinə töhfə verə biləcəyi xüsusi qeyd edilib. 2023-cü ildə Azərbaycanla Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, E.Marqariti Albaniya tərəfinin növbəti ilin ilk yarısında bu ölkədə Azərbaycana həsr ediləcək mədəniyyət həftəsinə ev sahibliyi etməyə hazır olduqlarını bəyan edib. Görüşdə, həmçinin iki ölkə arasında UNESCO çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, mədəniyyət müəssisələri, teatr, kino, və yaradıcı sənayelər sahəsində əməkdaşlığın inkişafının zəruri ola biləcəyi qeyd olunub.

Həmin gün nazir Anar Kərimov Andorranın mədəniyyət və idman naziri Silvia Riva Qonzalezlə də görüşüb. Görüş zamanı A.Kərimov Andorranın "Youth ArtCamp Shusha and Baku" layihəsinə verdiyi dəstəyə görə təşəkkür bildirib, bu layihənin ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli platforma olduğu qeyd edilib. Andorralı nazir ölkəsinin bu vacib sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bəyan edib.

Bununla yanaşı, UNESCO çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətlər üçün geniş imkanların olduğuna da diqqət çəkilib. Həmçinin Azərbaycanın hökumətinin təşəbbüsü ilə irəli sürülmüş "Bakı Prosesi" və onun vacib yeni ölçüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dəstək və bu çərçivədə birgə layihələrin reallaşdırılmasının önəmi vurğulanıb.

"Mondiacult 2022" konfransı çərçivəsində nazir Anar Kərimovun UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə də görüşü olub. Görüş zamanı UNESCO-Azərbaycan münasibətlərinin hazırkı durumu, gündəlikdə duran cari məsələlər, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Nazir A.Kərimov Azərbaycanın təşkilatla əməkdaşlıqda maraqlı olduğunu, bir sıra vacib istiqamətlərdə, xüsusilə də mədəniyyətlərarası dialoq və UNESCO-nun da tərəfdaşı olduğu "Bakı prosesi" çərçivəsində davamlı fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, A.Kərimov UNESCO-nun öz mandatına uyğun fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. İndiki dövrə kimi təşkilatın işğaldan azad edilmiş ərazilərimizə səfər etməməsinin və ümumiyyətlə səfərlə bağlı Azərbaycanın müraciətinin cavabsız qoyulmasının Azərbaycan cəmiyyətində haqlı anlaşılmazlıq və suallar doğurduğunu qeyd edən nazir tezliklə UNESCO-nun bu texniki səfəri reallaşdırması üçün çağırış edib. UNESCO rəsmisinə, həmçinin ölkəmizin təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, dünyanın müxtəlif bölgələrində sülh quruculuğu fəaliyyətlərinə töhfə vermək niyyətini bəyan etmiş bir təşkilat kimi UNESCO-nun ölkəmizin sözügedən təşəbbüsünə soyuq münasibət nümayiş etdirməsinin məyusluq doğurduğu diqqətə çatdırılıb.

E.Ottone öz növbəsində təmsilçisi olduğu təşkilatın qeyd olunan məsələlərlə bağlı Azərbaycanla təmasların davam etdirilməsinə, eyni zamanda, yaradıcı iqtisadiyyat kimi yeni sahələrdə əməkdaşlıq imkanlarının və mümkün fəaliyyətlərin yaxından araşdırılmasına hazır olduqlarını bəyan edib.

AZƏRTAC