Yeni dövrün qalib Prezidenti
Digər xəbərlər

Yeni dövrün qalib Prezidenti

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yeni dövr başlandı. 7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev xalqın 92,12 faiz səsini toplayaraq Prezident seçildi. Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi.

Ölkə başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ölkəmizə, bu günümüzə baxış əsasında qarşıdakı bütün hədəflərin təqdimatı oldu. Reallıq budur ki, Prezident İlham Əliyev son 20 ildə ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur", - deyən cənab İlham Əliyev onu da bildirdi ki, çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

Son 20 ildə cənab İlham Əliyevin hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycanın bütün sosial-iqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə dinamik şəkildə inkişaf edir. Həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq arenada sosial dövlət kimi yerini və rolunu möhkəmləndirir. İslahatların mərkəzində isə məhz vətəndaş və onun məmnunluq faktoru dayanır.

Cənab İlham Əliyev hər kəsin Prezidenti olduğunu təsdiqlədi. Dövlət başçımızın ictimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirərkən onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və problemlərinin həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratdığını görürük. Bu gün paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son üç ildən artıq bir dövrdə tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun prioritet olduğunu nümayiş etdirir.

44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin uzun illər ərzində yaratdıqları mifləri tamamilə dağıtdı. Hayların "miatsum", "dənizdən-dənizə böyük Ermənistan" xülyaları ürəklərində qaldı, Azərbaycan ordusu keçirdiyi antiterror tədbirləri ilə Paşinyanın faşist xislətli komandasını alt-üst etdi, yenilməz ordu olduğunu dünyaya nümayiş etdirdi. Dövlət başçısı cənab İlham Əliyevin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində Zəfərimizin miqyası daha da genişləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

Zəfərimizdən bəhs edərkən gənc nəslin Vətən, torpaq sevgisini də xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamı da xüsusi qeyd etmişdir: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun". Bu gün qürurla qeyd edirik ki, 30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz bütövləşdik, mətinləşdik, daha da gücləndik.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdır, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.

Yeni dövrün qalib Prezidenti cənab İlham Əliyev fevralın 14-də andiçmə mərasimində Xankəndi şəhərində səs verməsini şərtləndirən amillərə də diqqət yönəltdi: "Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi".

7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev vurğulamışdır ki, Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. 20 ilin reallıqları bu inama böyük əsas verir.

Qələndər CANBAXIŞOV,

Elmi-Tədqiqat Travmatologiya və

Ortopediya İnstitutunun travmatologiya

şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru, professor, Əməkdar həkim.