Bəzi məhsullarda pepino mozaik virusu aşkarlanıb
Səhiyyə

Bəzi məhsullarda pepino mozaik virusu aşkarlanıb

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu ölkələr də daxil olmaqla kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik pepino mozaika və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən yayılan  məlumata görə, adıçəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur. Lakin bu viruslar badımcan, bibər, kartof və tütünə də çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.

Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir. Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusdan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Eyni zamanda, Rosselxoznadzor tərəfindən Agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qırışıqlıq virusunun aşkarlanmasına görə  müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm respublikamızda, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına icazə verilib.

Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Onu da qeyd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.

Bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin, toxumların əl yükləri və minik avtomobillərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.