Elmi-praktik konfrans
Səhiyyə

Elmi-praktik konfrans

“Heydər Əliyev ili” çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ATU-da “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqres keçirilir

Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə ATU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqresi işə başlayıb. Bu barədə Nazirliyin məlumatında bildirilir.

Konqres iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar, xatirəsini ehtiramla yad ediblər.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səhiyyə naziri Teymur Musayev, ATU-nun rektoru Gəray Gəraybəyli, tanınmış ictimaiyət nümayəndələri, həmçinin dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis və alimlər iştirak edirlər.

Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, ölkəmizdə səhiyyənin inkişafı və yüksək ixtisaslı tibbi mütəxəssislərin hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır: XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə ümummilli lider Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərişi ilə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirildi.

Beynəlxalq konqresdə çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu bildirib. Rektor ulu öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün şərait yaradılmasına xüsusi diqqət yetirdiyini qeyd edib.

Əli SADIQOV,

“Respublika”.