Biz öz torpağımızdayıq...
Region

Biz öz torpağımızdayıq...

İki yüz il bundan əvvəl torpaqlarımıza köçürülmüş ermənilər bütün bu dövr ərzində məskunlaşdıqları yerlərdə sülhə, dinc-yanaşı yaşamağa, dostluğa, qonşuluğa, həmin torpağın sahiblərinə qarşı nankorluq edib fitnə-fəsad törədiblər. Köçkün kimi sığındıqları torpaqlara qarşı iddia qaldırıblar. Ermənistan təxribatçı, terrorçu, müstəqil olmayan, öz havadarlarından asılı, boyunduruq altında olan bir ölkədir. Məlum olduğu kimi, terrorçu öz ağasına arxayın olaraq nə beynəlxalq qanunları saya salır, nə də ki, bəşəri dəyərləri. Erməniliyin xəstə və lovğa təfəkkürünün qısaca mahiyyəti belədir.

Taleyin gərdişi və tarixin ziddiyyətləri nəticəsində XIX əsrin əvvəllərində məcburi şəkildə torpaqlarımıza yadellilər köçürüldü, xalqımız onlara qucaq açdı, mərhəmət göstərdi, məskunlaşmalarına şərait yaratdı. Onlar nə etdi, bu yaxşılığa nə ilə cavab verdilər?! Paxıllıq, bədniyyət, torpağında yaşadığı xalqa qarşı xəyanət erməniliyin qan dövranına çevrildi.

Tarix bizi belə xəstə və mənfur qonşu ilə yaşamağa məcbur edib.

Zənnimcə, erməniliyi, daşnakları, "miatsum"çuları, cinayətkarları, xunta rejiminin qalıqlarını yalnız və yalnız güc müalicə edə bilər. Bir vaxtlar Qarabağda lovğalanan ermənilər 44 günlük Vətən müharibəsində Azərbaycanın tutarlı zərbələrindən sonra vay-şivən qopararaq, dünya qarşısında timsah kimi saxta göz yaşı tökdülər, dilənçi kimi ordan-burdan yardım diləndilər. Məğlub olduqdan sonra bir müddət kiridilər. Elə ki, üçtərəfli bəyanata görə Rusiya sülhməramlıları Qarabağda ermənilərin müvəqqəti yaşadıqları yerlərə gəldi və dərhal yenidən, Qarabağ "bizimdir", arsax öz müqəddəratını təyin edəcək, "müstəqilliyimizi" qorumalıyıq və s. fikirlər irəli sürməyə başladılar.

Ermənistanda revanşistlər, keçmiş xunta rejiminin tör-töküntüləri, hərbi canilər Köçəryan və Sarkisyan yenidən fəallaşır, sərsəm fikirlər səsləndirir, Qarabağdan dəm vururlar.

Azad Qarabağda, türk dünyasının mədəniyyət beşiyi Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər Qurultayının keçirilməsi Azərbaycanın qəti və birmənalı mövqeyini bütün dünyaya nümayiş etdirdi. Mədəniyyət paytaxtımız Şuşa çox möhtəşəm tədbirə ev sahibliyi etdi. Qalada keçirilən Zəfər Qurultayı həm də dünyada yaşayan 60 milyonadək azərbaycanlının böyük bir bayramına çevrildi. Cənab Prezidentin "Şuşa İli"ni elan etməsi, sonra isə bu cür möhtəşəm tədbirlərin ərsəyə gətirilməsi hər bir azərbaycanlı tərəfindən təqdir olunur və dünyanın əksər ölkələrinin mediasında bu tədbir haqqında geniş informasiyalar verilir.

Şuşa Qurultayı ermənilərin Qarabağla bağlı olan-qalan ümidlərinin də üstündən birdəfəlik xətt çəkdi. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündən sonra Azərbaycanın təklif etdiyi 5 şərt çərçivəsində yekun sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan etdi. Bu günlərdə Moskva səfərindən geri qayıdan Paşinyan sərsəm ifadələr işlətməyə başladı. Bildirdi ki, "Dağlıq Qarabağ"da geniş ictimai müzakirə olmadan hər hansı sənədin imzalanmasını istisna edirəm. Məsələ tam aydındır, ağaları öz nökərlərinə yeni təlimatlar veriblər. Həmin təlimatlar ermənilərə yenidən başağrısı gətirəcək, onları daha ağır vəziyyətə salacaq.

Zəfər Qurultayında Prezident İlham Əliyevin geniş nitqi əslində, postmünaqişə və postmüharibə dövrünün elmi-tarixi təhlilini, xalqımızın birliyinin, inamının, dövlət başçımızın qətiyyətinin, iradəsinin, sarsılmaz mövqeyinin və fədakar xidmətinin ifadəsini əks etdirdi. Ən yaxın tariximizin səhifələrini təhlil edən, Şuşadan ermənilərə və onların havadarlarına növbəti dəfə mesaj verən Prezident bildirdi ki, Azərbaycan öz gücünə, ordusuna arxalanaraq 30 illik erməni işğalına son qoydu, erməni faşizmini məhv etdi, 44 gündə Ermənistanı diz çökdürdü. Dövlətimizin başçısı Vətən müharibəsi haqqında danışarkən bildirdi ki, biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda.

Müharibənin qələbə ilə başa çatmasından bir ilyarım keçməsinə baxmayaraq, Ermənistan sülh sazişinin bağlanmasından yayınır, vaxt udmağa çalışır, erməni bicliyini işə salır, amma unudurlar ki, Azərbaycan Prezidenti sözü bir dəfə deyir və Azərbaycan-Ermənistan arasındakı qüvvələr nisbətini hər kəsin anlayacağı məzmunda izah edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Azərbaycan ilə rəqabət aparmaq üçün nə hərbi-siyasi, nə iqtisadi gücü, nə də insan resursları var. Bu isə o deməkdir ki, rəsmi İrəvanın Rusiyaya və yaxud yenidən ATƏT-in Minsk qrupuna ümid bəsləməsi tamamilə mənasızdır. Hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, - əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır.

Bir il yarımdır ki, Qarabağda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin xarabalığa çevirdiyi yerlərə yenidən həyat verilir, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışı üçün "ağıllı şəhər" və "ağıllı kənd"lər salınır, çox böyük infrastruktur layihələr həyata keçirilir, ərazilər minalardan təmizlənir, dinc quruculuq işləri sürətlənir. Çünki biz öz torpaqlarımızdayıq, başımız dik, alnımız açıqdır. Doğma Qarabağın gələcəyi üçün tükənməz enerji ilə çalışırıq.

Salman ALIOĞLU,

"Respublika".