Bol yağış sularının faydası var
Region

Bol yağış sularının faydası var

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatı üçün də mühüm rol oynayır.

Son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəbrayıl rayonunda da uğurla həyata keçirilir. Belə ki, dövlət tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərirlər. Cəbrayıl Rayon Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata əsasən, hər il olduğu kimi, cari ildə də taxılçılığa geniş yer verilib.

Rayonda bu ilin məhsulu üçün 18 min hektara yaxın sahədə dənli bitkilərin əkini aparılmışdır. Lakin havaların quraq keçməsi zəmilərin inkişafına mənfi təsir göstərirdi. Optimal müddət ərzində mümkün olmayan suvarma tədbirləri məhsulu inkişafdan qoyurdu.

- Ana təbiət öz səxavətini göstərdi, DAİM-dən bildirirlər. İstər Biləsuvar rayonunda Cəbrayıl sakinləri üçün ayrılmış torpaqlarda, istərsə də işğaldan azad olunmuş digər ərazilərdə əkilən taxıl sahələri son günlərin leysan yağışları nəticəsində kifayət həcmdə suvarma suyu götürdü.

Kürdəmirli fermer Vilayət Kərimov da deyir ki, rayonda taxıl əkinlərinin suvarılmasına ciddi tələbat duyulurdu. Kürdəmir respublikamızın iri kənd təsərrüfatı rayonlarından biridir. Rayonda həyətyanı sahələrdə və fermer təsərrüfatlarında 70 min hektara yaxın suvarılan əkin sahəsi var, onun 44 min hektarında taxıl becərilir. Havaların quraqlıq keçməsi ciddi narahatlıq doğururdu. Rayonun ərazisindən keçən Girdiman çayının da suyu azalmışdı. Son günlər rayonumuzun ərazisinə düşən və bir neçə gün davam edən leysan yağışları fermerləri bu qayğıdan xilas elədi. Girdiman çayında da sululuq dərəcəsi xeyli artıb. Alınan proqnozlara görə, aprel ayında yağışlı havalar davam edəcək. Digər əkinlər də suvarma suyu sarıdan korluq çəkməyəcək.

Tofiq HÜSEYN,

"Respublika".