Bölgədə əbədi sülh, əmin-amanlıq
Siyasət

Bölgədə əbədi sülh, əmin-amanlıq

Azərbaycan bu istəyinə də nail olacaq

Cənubi Qafqaza köçürülərək tarixi yurd yerlərimizdə məskunlaşan ermənilər iki əsr boyunca havadarlarının köməyilə ərazilərimizə sahibləniblər. Tarixi saxtalaşdırmaqla bu əraziləri özlərininki saymaqda bu gün də davam edən ermənilər bir əsrdə iki dəfə məkrli planlarını həyata keçirə bildilər. Hiyləgər insanın silahı iftira olduğu kimi, ermənilər də bu iftiralarla beynəlxalq aləmi inandırmağa çalışıb, əsrin əvvəllərində Azərbaycanın xeyli ərazisini, o cümlədən qədim Azərbaycan xanlığı olan İrəvanı ələ keçirməyə müvəffəq olublar. Bizim tarixi torpaqlarımız üzərində qurulan Ermənistan bu gün beynəlxalq erməni terrorunun bazası olaraq xalqımız, dövlətimiz, ümumi region, hətta dünya üçün təhlükə mənbəyinə çevrilib.

"Yalan ayaq tutar, yeriməz", - deyiblər. Elə Vətən müharibəsində erməni texnikası "ayaq açsa da, yeriyə bilmədi". Onlar təkcə Azərbaycan əsgəri, Azərbaycan xalqı qarşısında deyil, haqqın, ədalətin zəfəri qarşısında susmalı oldular. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat müharibənin bitməsini şərtləndirməklə yanaşı, qarşıda yeni vəzifələr də qoydu. Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının qeyd-şərtsiz boşaldılması da ermənilərin üzərinə götürdükləri öhdəliklərdən biri idi. Beləliklə, 2020-ci il noyabrın 15-də Kəlbəcər, noyabrın 20-də Ağdam və dekabrın 1-də Laçın işğaldan azad edildi. Lakin məğlub Ermənistan məkrli niyyətini nümayiş etdirərək üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaqda davam edir. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etməkdə israrlıdır.

Bu gün Ermənistanda bəzi dairələr, xüsusilə də revanşistlər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Onlar dəhlizin açılmasını siyasi məğlubiyyət kimi qəbul edir, amma anlamırlar ki, Ermənistanın hərbi-sənaye kompleksi Azərbaycana rəqib olmaq və müqavimət göstərmək iqtidarında deyil. Münaqişənin yenidən başlaması Ermənistanın dünya xəritəsindən silinməsi deməkdir. Prezident İlham Əliyev demişdir: "... bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü".

"Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq", - deyən Azərbaycan Prezidenti qarşı tərəfə yenə də xəbərdarlıq etmiş oldu. İkinci Qarabağ savaşında Azərbaycana məğlub olan Ermənistan isə öz məğlubiyyəti ilə barışmaq istəmir. Bu, həm bəzi rəsmi şəxslərin mövqeyindən, həm də Ermənistan cəmiyyətinin davranışlarından açıq-aydın hiss olunur. Sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubatmaq, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə məhəl qoymamaq bu qənaətə gəlməyə əsas verir.

Ermənistan yaranmış vəziyyəti təhlil etmək üçün zamana ehtiyac duyan bir tərəfə bənzəmir, o, Azərbaycana qarşı savaş açmaq niyyətinə düşmək, fürsətlər axtarmaq kimi lüzumsuz hərəkətlərə yol verir. Əks təqdirdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi niyə bu qədər uzanmalıdır? Axı, müharibədən sonrakı mərhələ sülh müqaviləsinin imzalanmasıdır ki, bölgədə regional əməkdaşlığın yaranması, yerinə yetirilməli olan iri iqtisadi layihələr də məhz bu sülh müqaviləsinə bağlıdır. Prezidentin dediyi kimi: "Biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın".

Ermənistan üçtərəfli Bəyanata ciddi yanaşma ortaya qoymursa, burada yalnız bir məna axtarmaq lazımdır - pozuculuq və revanşizm! Halbuki, Ermənistan unutmamalıdır ki, 44 günlük müharibədə Azərbaycan qələbəyə doğru necə irəliləyirdisə, həmin siyasi, hərbi potensial bu gün də yerindədir. Odur ki, Azərbaycanın üzərinə gəlmək cəhdləri Ermənistan üçün daha pis nəticə verə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susaya qayıtmalıyıq. Mən Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq".

Bu, Azərbaycan Prezidentinin xalqı qarşısında növbəti vədi idi və avqustun 26-da dövlət başçısı daha bir vədini yerinə yetirmiş oldu. Həmin gün Azərbaycan bayrağı Laçında da dalğalandı.

26 avqust. Həmin gün Azərbaycan xalqının və dövlətinin, eləcə də bütün dünya azərbaycanlılarının həyatında çox əlamətdar hadisə ilə yadda qaldı. Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, ənənəsinə sadiq qalaraq rəsmi tviter hesabında paylaşım etdi.

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi, azərbaycanlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı sıradan hadisə deyil. Bununla işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlanıb, sonuncu rayon mərkəzinə də nəzarət bərpa olunub. Bunun çox böyük tarixi əhəmiyyəti var. Bu, Ermənistandakı revanşistlər və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı qüvvələrin son ümidinin də itməsi deməkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".