Cocuq Mərcanlı abad yaşayış məkanıdır
Region

Cocuq Mərcanlı abad yaşayış məkanıdır

44 günlük tarixi qələbəmiz sayəsində doğma torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Qarabağda böyük abadlıq-quruculuq işləri gedir, infrastruktur yenilənir. Şübhə yoxdur ki, bərəkətli torpağımızın üzərində bərqərar olan kənd və şəhərlər düz altı il bundan əvvəl işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi kimi abad yaşayış məkanına çevriləcək. Bu gün Azərbaycanın ən yaraşıqlı, ən baxımlı yurd yerlərindən biri olan Cocuq Mərcanlı qarşıda gözlənilən Böyük Qayıdışın ilk qaranquşu kimi ən yaxşı nümunədir. Cocuq Mərcanlıda həyat öz ritmi ilə davam edir. YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev söhbətində Cocuq Mərcanlının bugünkü həyatından bəhs etdi:

– Cocuq Mərcanlı artıq öz simasını dəyişmiş, son dərəcə abad, gözəl yaşayış məkanına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə kənddə 27 hektar ərazidə geniş tikinti-bərpa quruculuq işləri aparılmış, 150 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi, poçt, inzibati bina, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, "Azəravtoyol" ASC-nin 13 saylı xüsusi təyinatlı yol istismar müəssisəsi, "Azərsu" ASC-nin Cocuq Mərcanlı sahəsi və digər müvafiq infrastruktur yaradılmışdır. Cənab Prezident 14 iyun 2017-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak edərək birinci mərhələdə 50 Cocuq Mərcanlı ailəsinin öz doğma kəndinə qayıtmalarına xeyr-dua vermişdir. Sonrakı mərhələlərdə isə ailələrin sayı 150-yə çatmışdır.

Azərbaycan Prezidentinin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında" 14 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən nasos stansiyasının, su nəqledici kanalın və 2800 metr uzunluğunda təzyiqli boru kəmərinin tikintisi aparılmış, 2137 metr uzunluqda beton kanal inşa olunmuşdur. Görülən operativ işlər nəticəsində Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin nəzərdə tutulan əkin sahələri suvarma suyu ilə təmin edilir. Kənd sakinləri doğma yurdlarında özlərini tam rahat hiss edir, əkin- biçinlə və heyvandarlıqla məşğul olurlar.

Məşğulluq sahəsinin əsasən kənd təsərrüfatı olduğu nəzərə alınaraq birinci növbədə ANAMA ərazilərdə yerləşən torpaqların minalardan təmizlənməsini həyata keçirmiş, sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ərazidə torpaqların inventarizasiyası aparılmış, ailə üzvlərinin hər birinə 0.25 hektar olmaqla əkin sahəsi istifadələrinə verilmişdir.

Cocuq Mərcanlı kəndinin gələcək inkişafı, burada yaşayan sakinlərin məşğulluq məsələləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim nəzarətindədir. Məhz ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq aidiyyəti dövlət strukturları, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər və iş adamları mütəmadi olaraq Cocuq Mərcanlıya səfərlər edir, ərazi üçün xarakterik olan layihələrin həyata keçirilməsinə təşəbbüs göstərirlər.

İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin olunması və sosial rifah səviyyəsinin artırılması, qayıdış prosesinin dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə Nazirliyin həyata keçirdiyi ilk layihə olan yem emalı müəssisəsi Cocuq Mərcanlı kəndində 2018-ci ilin fevralın 2-də fəaliyyətə başlayıb. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxumtəmizləyən, yem üyüdən, otdoğrayan avadanlıqlar quraşdırılmış, yeni iş yerləri açılmışdır.

İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Cocuq Mərcanlı kəndində suvenir istehsalı müəssisəsinin də tikintisinə başlanılıb. Azərbaycan Hökumətinin və Türkiyəli iş adamları ictimai birliyinin birgə layihəsi əsasında tikilən bu müəssisədə istehsal sahəsi və sərgi zalının fəaliyyət göstərməsi və istehsal olunacaq məhsulların "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılması nəzərdə tutulur. Növbəti mərhələdə isə bunların davamı olaraq kənddə kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün gəlir gətirən sektorların təşviqi və dəstəklənməsi layihələrinin həyata keçirilməsi planlaşdırılıb.

Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələrin birinci mərhələsi çərçivəsində 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulmuş və 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla cəmi 150 arı ailəsi verilmişdir. Həyata keçirilmiş layihə çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunmuş, sakinlər tərəvəz yetişdirilməsi üçün lazımi toxumlar, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlarla təmin edilmişdir. Həmçinin 15 arıçı təsərrüfatının hər birinə 10 ədəd arı ailəsi, arıçılıq avadanlıqları və materiallar verilmiş, layihənin birinci mərhələsində hər iki layihə üzrə 30 nəfərin məşğulluğu təmin olunmuşdur.Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən 25 ailə özünüməşğulluq tədbirinə cəlb edilərək 13 ailəyə 26 baş damazlıq inək, 12 ailəyə isə 252 baş damazlıq qoyun verilmişdir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq Cocuq Mərcanlı sakinlərinin, eləcə də kəndə gələn çoxsaylı qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kənddə 14 min kvadratmetr ərazidə mədəniyyət və istirahət parkı salınaraq 2018-ci ilin sonunda istifadəyə verilmişdir.

Bəli, el arasında deyildiyi kimi həyat davam edir. Cocuq Mərcanlı bugünkü varlığı ilə sübut edir ki, Azərbaycan güclü dövlətdir. Doğma torpaqlara qayıdış günləri xalqımızda əsl bayram ovqatı yaradır. Lap yaxın vaxtlarda işğaldan azad edilmiş torpaqlarımız bütünlüklə Cocuq Mərcanlı kimi gözəl yaşayış məkanına çevriləcəkdir.

Tofiq HÜSEYN,

"Respublika".