Cocuq Mərcanlı qəsəbəsi: Bərpa işləri davam edir
Region

Cocuq Mərcanlı qəsəbəsi: Bərpa işləri davam edir

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş "Horadiz" əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi   ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. Lakin Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı  ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.

24 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalamış, Sərəncama əsasən  kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və digər müvafiq infrastrukturun tikintisinə başlanılmışdır.

Tikinti işləri qısa zaman ərzində başa çatdırılmış, 14 iyun 2017-ci il tarixində cənab Prezident Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.

Cocuq Mərcanlı kəndində 50 yaşayış evi,  96 şagird yerlik məktəb, məscid, 35/10 kilovoltluq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, "Azəravtoyol" ASC-nin 13 saylı Xüsusi təyinatlı yol istismar müəssisəsi və digər müvafiq infrastruktur yaradılmış, hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 15 iyun tarixli Sərəncamına uyğun olaraq ikinci mərhələ üzrə tikinti-bərpa işlərinə başlanılmış və bütün işlər  sürətlə başa çatdırılmışdır.

İkinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi və 10/04 kilovoltluq Kompleks transformator məntəqəsi tikilmişdir.

Bu ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rayonun işğaldan azad olunmasının ildönümündə Cəbrayıl rayonuna gələrək, bir sıra yeni binaların - 150 çarpayılıq şəhər mərkəzi xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 yerlik məktəb binasının təməlqoyma mərasimində iştirakı rayonda böyük ruh yüksəkliyi ilə qarşılandı.

Tofiq HÜSEYN,

"Respublika".