90 yaşlı qəzet
Region

90 yaşlı qəzet

"Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Ümummilli lider Heydər Əliyev hər zaman respublikamızın kütləvi informasiya vasitələri işçilərinə xüsusi qayğı göstərmiş, onların əməyini yüksək qiymətləndirmişdir. Bu ənənəni uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə mətbuat azadlığının təmin olunması, jurnalistlərin peşə fəaliyyətini davam etdirilməsi üçün şəffaf şəraitin yaradılması, media işçilərinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlar rəğbətlə qarşılanır.

Bölgələrdə fəaliyyət göstərən KİV əməkdaşları da mətbuat orqanlarına göstərilən qayğıdan bəhrələnir və onların əməyi hər zaman yüksək qiymətləndirilir. Tərtər Rayon İcra Hakimiyyətinin orqanı "Yeni Tərtər" qəzetinin ilk sayının işıq üzü görməsindən 90 il keçir.

Keçmiş cəbhə bölgəsinə ən yaxın məsafədə yerləşən Tərtər erməni terrorundan əziyyət çəkmiş, atəşkəs əldə olunmasına baxmayaraq, rayon Ermənistan ordusu tərəfindən atəşə məruz qalmış, mülki insanlar qətlə yetirilmiş, bir sözlə, həyatın bütün sahələrində çətinliklər yaranmışdır. Lakin qəhrəman tərtərlilər öz ata-baba torpaqlarında məğrur dayanmış, vətənlərində yaşamağa üstünlük vermiş, beləliklə, bölgədə həyat öz axarı ilə davam etmişdir.

Sözsüz ki, rayonun ictimai-siyasi həyatında özünəməxsus yeri olan, çoxsaylı oxucu kütləsi qazanmış "Yeni Tərtər" qəzetinin də fəaliyyətinə həmin zamanlarda baş verən proseslər mənfi təsir göstərmişdir. Lakin fədakar kollektiv qəzetin yaşaması üçün gərgin əmək sərf etmişdir.

Bu gün "Yeni Tərtər" qəzeti rayon rəhbərliyinin hərtərəfli qayğısı sayəsində ayda 3 dəfə işıq üzü görür, hər bir tərtərlinin stolüstü qəzetinə çevrilmişdir. Qəzet rayonda, respublikada, eləcə də dünyada baş verən prosesləri doğru, düzgün oxuculara çatdırır.

"Yeni Tərtər" qəzetinin baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı, "Vətənpərvərlik işlərində xidmətlərinə görə", "Heydər Əliyevin 100 illiyi" medalı ilə təltif olunmuş, ömrünün 50 ilini mətbuata həsr edən Svetlana Bağırova bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı Tərtərin hər bir vətəndaşı Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında monolit birlik nümayiş etdirərək qazanılan möhtəşəm qələbəyə istər döyüş meydanında, istərsə də arxa cəbhədə öz payını veribdir. 90 il ərzində qəzet rayonumuzun salnaməsini yazıb. Xüsusən ölkəmiz müstəqillik əldə etdikdən sonra rayonumuzun həyatında baş verən yeniliklər onun səhifəsində öz əksini tapıb. Müharibə mövzusu məqalələrimizin əsasını təşkil edib. Çünki 30 ildən çox bir müddətdə Tərtərdə atəş səsləri bir gün də olsun dayanmayıb.

Həmin zamanlarda "Yeni Tərtər" qəzeti rayonda mövcud olan qərargahın fəaliyyətini, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları haqqında yazılar çap edib, qələbədən sonra rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa və yenidənqurma işlərini oxucuların nəzərinə çatdırır.

İşğaldan azad olunmuş ərazilərimizdə, eləcə də rayonun kəndlərində həyata keçirilən irimiqyaslı layihələrlə bağlı reportajlar qəzetin səhifələrində geniş yer alır.

Müsahibim bildirdi ki, qəzet 1934-1937-ci illərdə "Kolxozçuların varlanması yolunda", 1937-1991-ci illərdə "Qızıl bayraq", 1991-2005-ci illərdə "Tərtər", 2005-ci ildən "Yeni Tərtər" adı ilə fəaliyyətini uğurla davam etdirir.

"Yeni Tərtər" qəzetinə fəaliyyətində uğurlar arzulayır, 90 illik yubileyi münasibətilə təbrik edirik.

Vəli VƏLİYEV,

"Respublika".