Dostunu göstər, deyim kimsən...
Siyasət

Dostunu göstər, deyim kimsən...

Dünyada sülhsevər, tolerant, humanist ideyalara sadiq ölkə kimi tanınan Azərbaycan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin etdikdən sonra beynəlxalq aləmdə güclü, qüdrətli müstəqil dövlət imicini formalaşdırdı. Heç bir ölkədən iqtisadi-siyasi asılılığı olmayan dövlətimiz həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasət sayəsində bu gün dünya birliyində  böyük nüfuz qazanıb. Regionda sülhün, əmin-amanlığın bərqərar olmasında mühüm rol oynayan, qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlıq əlaqələri quran Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası isə bəzi qərb dövlətlərini hədsiz dərəcədə narahat edir.

Azərbaycanın Vətən müharibəsində  qələbə qazanması, işğalçı Ermənistanı  məhv etməsi erməni havadarlarını mat vəziyyətinə saldı. Bu qələbə ilə barışmayan, onu həzm edə bilməyən  ermənipərəst ölkələrdən ən birincisi isə Fransadır. Çünki  bu iki ölkəni,  hər şeydən əvvəl, həyata keçirdikləri  işğalçılıq, müstəmləkəçilik  siyasəti birləşdirir. Özgə torpaqlarını işğal etməkdə, günahsız insanları amansızcasına qətlə yetirməkdə,  zəbt etdiyi əraziləri minalarla zəhərləməkdə  böyük "təcrübəsi" olan  Fransa və Ermənistan bu gün Azərbaycanın tarixi  torpaqlarını işğaldan azad etməsini qəbul edə bilmir. Axı istər Ermənistan, istərsə də Fransanın nə az,  nə çox - düz 30 il  müddətində sərf etdikləri "əmək" cəmi 44 gün ərzində hədər oldu. Uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmaması, bütün dünyada anti-Azərbaycan siyasətinin həyata keçirilməsi, ədalətin ört-basdır olunması üçün göstərdiyi canfəşanlıq nəticəsiz qaldı.

Əsrlər boyu 50-dən çox dövlətin torpaqlarını zəbt edən, sərvətlərini talayan, müharibə cinayətləri törədən  Fransa  hələ XVII əsrdə müstəmləkəçilik siyasəti yürütmüşdür. XVII-XIX əsrlərdə Əlcəzairdə milyonlarla insanı qətlə yetirən, mənsub olduğu dindən imtina edib Fransa təbəəliyini  qəbul etməyən yerli əhalini qətlə yetirən işğalçı ölkə  tutduğu ərazilərin əhalisinə öz ana dilində danışmağı, oxuyub-yazmağı, adət-ənənələrini yaşatmağı qadağan etmişdi. Əlcəzairdə hər gün yüzlərlə insanı qətlə yetirməklə, tutduğu ərazilərdə 5 milyondan çox mina basdırmaqla   dünya tarixinə ən qəddar dövlətlərdən biri kimi düşən Fransa  1945-ci ildə Əlcəzairin Setif və Guelma və Kherrata şəhərlərində 45 min günahsız insanı qanına qəltan etmişdir. 132 il Fransanın müstəmləkəsi olan Əlcəzairdə 1954-1962-ci illərdə Əlcəzair qiyamı zamanı  1.5 milyon insan qətlə yetirilmişdir. Bu il noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti  bu barədə demişdir: "Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Qərbi Afrikanın Benin Respublikasında XVI-XVII əsrlərdə fransız tacirləri qul ticarəti ilə məşğul olmuş, 1893-cü ildən Benin Fransanın müstəmləkəsinə çevrilmiş, 1904-cü ildən isə  fransız Qərbi Afrikasının tərkibinə daxil edilmişdir. Qərbi Afrikada  Burkina Faso dövləti də XIX əsrin sonlarında  fransızlar tərəfindən işğal olunmuşdur. 1946-1954-cü illərdə Fransa  Hind-Çində olan müstəmləkələrini əldə saxlamaq üçün Birinci Hind-Çin müharibəsini başlatmışdır. Korsika adasında yaşayan 350 mindən çox insana fransızların etdiyi zülmlər, işğalçılıq əməlləri də Fransanın tarixində silinməz qara ləkədir. 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən  Fransanın tabeliyinə keçmiş Korsikada yaşayan adalılar  daim müstəqillik qazanmaq uğrunda mübarizə aparsalar da, Korsikanı koloniya kimi idarə etmək istəyən Fransa  onlara müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, "Korsika dili"nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması kimi tələblərini yerinə yetirməmiş, korsikalıların hüquqlarını heçə sayaraq bu istiqamətdə konkret, əməli addım atmamışdır.

Kanada, Cibuti, Haiti, Uzaq Şərqdə yerləşən Vyetnam, Əlcəzair, Mərakeş, Tunis, Karib dənizi sahilləri və s. kimi bir çox əraziləri işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış  Fransanın həyata keçirdiyi saysız-hesabsız müharibə cinayətləri, işğalçılıq əməlləri  bütün dünyaya məlumdur. Amma qanlı cinayətlərin, qətliamların, soyğunçuluqların sayı-hesabı  olmayan  işğalçılıq tarixinə nəzər salmayan Fransa bu gün ədalətdən dəm vurur. Haqqı, ədaləti bərpa edən, müstəqilliyini, suverenliyini qoruyan, erməni işğalçılarından ərazilərini təmizləyən Azərbaycanı işğalçılıqda günahlandırır. Saxta "erməni soyqırımı"nı tanıyan, Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını deyərək əsassız ittihamlar irəli sürən Fransa bununla  Azərbaycana qarşı ikiüzlü, riyakar və qərəzli münasibət  nümayiş etdirir. Fransa Respublikası Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların  Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini, Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını, Ermənistana humanitar yardımın artırılmasını" və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi işğalçı Fransa-Ermənistan dostluğunun bariz nümunəsidir. Ulularımızın dediyi kimi:  "Dostunu göstər, deyim kimsən...".

Mehparə ƏLİYEVA,

"Respublika".