Dünya azərbaycanlıları Laçında bayrağımızın dalğalanmasını möhtəşəm hadisə kimi qarşılayır
MÜSAHİBƏLƏR

Dünya azərbaycanlıları Laçında bayrağımızın dalğalanmasını möhtəşəm hadisə kimi qarşılayır

Atlas geyimli dağlarla əhatə olunmuş Laçın Azərbaycanın dilbər guşələrindən biri hesab olunur. Sovetlər dönəmində ulu öndər Heydər Əliyev görkəmli alimlər, səhiyyə, mədəniyyət xadimlərinin vətəni olan Laçının sosial-iqtisadi cəhətdən möhkəmlənməsinə qayğı göstərmiş, bu bölgədə xüsusilə əkinçilik mədəniyyətinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur.

Laçın rayonu 18 may 1992-ci ildə faşist xislətli erməni daşnakları tərəfindən işğal edilmiş, düşmən bu yerlərdə görünməmiş vəhşiliklər törətmişlər. İşğal nəticəsində bir şəhər, bir qəsəbə, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13745 fərdi yaşayış evi qarət edilib, dağıdılaraq yandırılmışdır. Rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmışdı. 58736 nəfər laçınlı işğal dövründə öz doğma torpaqlarından didərgin düşərək məcburi köçkün kimi respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmışlar.

Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, məqsədyönlü siyasəti sayəsində Laçın rayonu 1 dekabr 2020-ci ildə düşmən əsarətindən azad edildi. Birinci və İkinci Qarabağ müharibəsində Laçının igid, cəsur oğullarından 285 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 66 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq valideynini itirmişdir.

30 ilə yaxın idi ki, laçınlılar yurd həsrəti ilə yaşasalar da, inanırdılar ki, Laçın işğaldan azad ediləcək, ermənilər öz mənfur niyyətlərini həyata keçirə bilməyəcək, dəmir yumruq onların başını əzəcək, bu elin əbədi sakinləri doğma ata-baba torpaqlarına qayıdacaqlar.

26 avqust 2022-ci il Azərbaycan tarixində mühüm və möhtəşəm hadisə ilə yadda qaldı. Prezident İlham Əliyev sosial şəbəkə hesabında azərbaycanlıların Laçın şəhərinə qayıtması müjdəsini verdi. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Laçın şəhərinə qayıdış bir daha Azərbaycanın gücünü və qətiyyətini göstərdi. Laçında, Zabux və Susda üçrəngli Azərbaycan bayrağının dalğalanması bütün türk dünyasını, yer üzərinə səpələnmiş soydaşlarımızı qəlbən sevindirdi.

Mən uzun illərdir ki, qürbətdə - Moldovada yaşayıram. Əslim isə Laçındandır. Ömrümün çox ilini Laçın həsrəti ilə yaşamışam. Artıq bu ağır yük üzərimdən götürüldü. Laçın işğaldan azad olundu.

Bu, Moldovadakı bütün həmvətənlərimiz tərəfindən sevinclə, toy-bayramla qarşılandı. Düzgün və məqsədyönlü idarəetmə, milli maraqlarımıza xidmət edən xarici siyasət, strateji uzaqgörənlik və hərbi-siyasi qətiyyət sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulan hüquqlarının bərpasıdır.

Laçında Azərbaycan bayrağının dalğalanması ilə işğaldan azad olunmuş ərazilərə dövlətimizin nəzarəti tamamlandı. Çox tezliklə Laçının laçın oğulları buranı cənnət bir guşəyə çevirəcəklər.

Vüqar NOVRUZOV,

iş adamı.