Dünya səyyahları Zəngilanın Ağalı kəndinə səfər ediblər
Diaspora

Dünya səyyahları Zəngilanın Ağalı kəndinə səfər ediblər

Azərbaycanda səfərdə olan dünya səyyahlarının növbəti ünvanı Şərqi Zəngəzur olub. İyirmi ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyah işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində yenidən canlanan həyatı görüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərlərinin üçüncü günündə Ağalı kəndinə gələn qonaqları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə və 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, həmçinin hektarlarla qoz ağacları və digər yaşıllıqlar məhv olunub.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bu günə kimi Ağalı kəndində 53 ailədən 264 nəfər sakin doğma yurduna qovuşub. Sentyabrın 10-da isə 13 ailədən 62 nəfər öz doğma yurduna geri döndüyü diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da inşa edilib. Kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır.

Qeyd edilib ki, Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.

Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun inşası isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı da hazır vəziyyətdədir.

Bildirilib ki, Zəngilanın yenidən qurulmasında vacib ilk məsələ ermənilərin işğal illərində zərər vurulmuş ekosistemin bərpasıdır. Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olduğu lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə də ekosid həyata keçirdiyi səyyahların diqqətinə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilən Zəngilan rayonu ərazisində zərər vurulmuş ekosistemin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialının olmasını nəzərə alaraq, Zəngilan rayonunda həm dayanıqlı kənd təsərrüfatının, həm də turizm sahəsinin, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək.

Daha sonra səyyahlar kənddə yaradılan infrastrukturla tanış olublar.

AZƏRTAC