ƏBƏDİ EHTİRAMIN İFADƏSİ
Sosial həyat

ƏBƏDİ EHTİRAMIN İFADƏSİ

Daşkəsəndə şəhidlərə sonsuz hörmət, ehtiram, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Vətən müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun anım günü Xoşbulaq kəndində şəhidin valideynlərinin yaşadığı evdə keçirilib.

Şəhid Eşqin Bağırovun Xoşbulaq kənd qəbiristanlığında məzarı ziyarət edilib. Anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər. İcra başçısı şəhid Eşqin Bağırovun otuz illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhidimiz Eşqin Bağırov "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Zağalı kəndində Vətən müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa edilən bulağın açılışında iştirak edib. Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin xatirəsi böyük ehtiramla yad edilib.

Əhəd Abıyev açılış mərasimdə çıxış edərək qeyd edib ki, Vətən müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, qəhrəmancasına vuruşmuşlar. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur döyüşçülərimizdən biri də Vətən müharibəsində onlarla düşməni məhv edərək qəhrəmancasına şəhid olmuş Daşkəsən rayon Zağalı kənd sakini Cabbarov Muraz İlham oğludur. Muraz Cabbarov Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Murazın əsgəri xidməti dövründə Vətən müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Muraz Cabbarov "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Cəsur, qəhrəman Muraz Cabbarovla bütün daşkəsənlilər fəxr edir, qürur duyur.

Açılış mərasimdə nitq söyləyən şəhid ata və anaları, Vətən müharibəsi qaziləri Muraz Cabbarovun qısa, lakin şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, Vətən müharibəsi şəhidi Şıxıyev Orxan Raqif oğlunun da doğum günü rayonun Şəhidlər Xiyabanında qeyd edilib, sonra rayonun Dəstəfur kəndində xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib. Şəhidin atası Raqif Şıxıyev, anası Sevda Şıxıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Yuxarı Daşkəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə inşası aparılan bulağın da tikinti işləri ilə maraqlanıb, şəhidin anası Zərniyar Tağıyeva ilə görüşüb.

Zabit XƏLİLOV,

"Respublika".