Əbədiyyətə qovuşan ömür
Region

Əbədiyyətə qovuşan ömür

Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin anım günü daim minnətdarlıq və şərəf duyğuları ilə qeyd edilir. Vətən müharibəsi şəhidi mayor Anar Elşad oğlu Məmmədovun anım mərasimi də belə tədbirlərdən idi.  Anım günü ilə əlaqədar Sabirabad şəhərində şəhidin xatirəsinə həsr olunmuş abidə-bulaq kompleksinin açılış mərasimi oldu. Mərasimdə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev şəhid Anar Məmmədovun şərəfli ömür yolu haqqında məlumat verdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mədəniyyət İdarəsinin rəisi polkovnik-leytenant İlkin Qayıbov, Bakı Slavyan Universitetinin prorektoru, şəhid Heydər Həmidovun bacısı Xanım Sultanova, şəhidin döyüş yoldaşı Mayor Etibar Hüseynov çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı erməni vandallarından xilas edərkən şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsinə hörmət və ehtiramın əbədi olacağını bildirdilər.

Sonda şəhidin həyat yoldaşı Nəzirə Məmmədova çıxış edərək qayğı və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya  öz minnətdarlığını bildirdi.

Tofiq HÜSEYN,

"Respublika".