El ağsaqqalı
Sosial həyat

El ağsaqqalı

El arasında həyat təcrübəsi, təmkini və dünyagörüşü ilə seçilən, mühüm məsələlərin həllində söz sahibi olanlar həmişə böyük nüfuza malik olub, hörmətlə qarşılanıblar. Öz xeyirxah əməlləri ilə tanınıb, nüfuz qazanıb və seviliblər. Tanınmış ziyalı, ağsaqqal Tapdıq Novruzov da belə şəxslərdəndir.

Ömür yolunu şərəflə, ləyaqətlə yaşayan Tapdıq Novruzov həyatın bütün çətinliklərinə əzmlə sinə gərdi. İmzasını oxucuya tanıdıb sevdirdi. Kitablar yazdı, Azərbaycan mətbuatında olduqca dəyərli publisistik məqalələri dərc olundu. Yaşamağın mənasını yorulmadan işləməkdə, öz ideyası uğrunda mübarizə aparmaqda, vətəninə, xalqına, insanlara xidmətdə gördü. 

İlk tanışlığımız elə "Respublika" qəzetindən başlamışdı. Hərbi xidməti başa vurub yenicə işə qəbul olunmuşdum. Sözsüz ki, uzun illər mətbuat sahəsində çalışan, təcrübəli insanların məsləhətinə ehtiyacım vardı. Hazırladığım məqalələri əvvəlcədən müvafiq şöbələrə göstərir, sonra çapa təqdim edirdim. Günlərin birində redaksiyamızın şöbə müdiri Musa Axundov: "Tanış ol, qəzetimizlə əməkdaşlıq edən Tapdıq Novruzovdur", - deyib ahıl, yaşlı kişini göstərdi. İlk baxışdan ciddi görkəmi ilə diqqəti çəksə də, ünsiyyətdə olduğumuz qısa zamanda mehriban, xeyirxah bir insan olduğunu anladım. Elə həmin gündən Tapdıq müəllimlə ünsiyyətimiz yarandı. Qəzet ilə əməkdaşlıq edir, ən çox köçkünlük həyatı, vətənpərvərlik mövzularına toxunurdu.  

Tapdıq müəllim həyatı gənc nəslə örnək olan ağsaqqallardandır. O, Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndindəndir. 1922-ci il noyabrın 15-də dünyaya göz açmışdı. 1928-ci ildə kənddə ilk ibtidai məktəb fəaliyyətə başlayanda birinci sinfə gedir, 1932-ci ildə orta məktəbi bitirir. 7 illik məktəb olmadığından rayonun Ləmbəli kəndində təhsilini davam etdirir.

1934-cü ildə  anasının qəfil vəfatı onu çox sarsıdır. Təhsilə olan həvəsi sönür. Ana itkisi ilə heç cür barışa bilmir. Kəndə dönərək təsərrüfat  işləri ilə məşğul olur, bacı-qardaşlarının qayğısına qalır, atasına kömək edir. Təhsilini davam etdirmək istəməyən Tapdığı atası fikrindən daşındırır və onu yenidən Ləmbəli kəndinə gətirir. 1936-cı ildə Ləmbəli 7 illik məktəbini bitirir. Elə həmin ilin avqustunda sənədlərini Yerevan Türk Pedaqoji Texnikumuna verir. İmtahanlardan müvəffəqqiyyətlə keçib texnikumun birinci kursuna qəbul olunur. Əlaçı tələbələrdən olur. 1939-cu ilin iyununda texnikumu əla qiymətlərlə bitirib doğma rayonuna dönür və Bala Ayrım kənd məktəbinə sinif müəllimi təyin edilir. İki ildən sonra 1940-1941-ci tədris ilində artıq doğma kəndində 7 illik məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir.

1945-ci ilin avqustunda ailə həyatı qurur. Həyat yoldaşı Mehriban xanımla birgə Yerevan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə qəbul olunurlar. 1947-1948-ci dərs ilində həmin institutun üçüncü kursunu başa vurub 1948-ci ilin yanvarında Azərbaycan Dövlət Pedaqoji  İnstitutunda təhsillərini davam etdirirlər. 1950-ci ildə həmin institutun tarix fakültəsini bitirib rayona qayıdırlar. Tapdıq müəllim Böyük Ayrım kənd 8 illik məktəbinə direktor təyin edilir və 1964-cü ilin avqust ayına qədər həmin vəzifədə çalışır.

1947-ci ildə qızı Zemfira, 1950-ci ildə isə oğlu Vahid dünyaya gəlir. Tapdıq kişi qızı Zemfiranın Bakıda 1 nömrəli Tibb Məktəbinə qəbul olunması ilə əlaqədar 1964-cü ilin iyul ayında ailəlikcə Bakıya köçür. Elə həmin il sentyabrın 9-da Abşeron Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə işə düzəlir. O, çalışdığı bütün vəzifələrdə ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlir və böyük hörmət qazanır. 

Tapdıq müəllim gözəl ailə başçısı idi. Novruzovlar ailəsində ağsaqqal məsləhəti, böyük sözü qanun kimi qəbul edilib. Ancaq bununla yanaşı, o, övladlarının arzu və istəklərinə hörmətlə yanaşıb, onların hər hansı bir məsələyə münasibət bildirməsinə şərait yaradıb. Belə qarşılıqlı anlaşmalar sonradan övladlarının cəmiyyətdə layiqli mövqe tutmalarında özünü büruzə verib. O, həyatın bütün sahələrində, fəaliyyətinin bütün istiqamətlərində əxlaqi, milli- mənəvi dəyərlərə xüsusi yer ayırıb. Tapdıq müəllim sözünün sahibi, sözünə bütöv insan olub, həqiqəti deməkdən heç vaxt çəkinməyib, söylədiyini məntiqi baxımdan əsaslandırmağı bacarıb. Mübahisəli məsələlərin, müşkülə düşmüş işlərin həllində Tapdıq müəllimin qənaətləri, məsləhətləri həmişə müsbət nəticələnib.

Onun "Orda yurdumuz qaldı" kitabına ön söz yazan mərhum yazıçı İsmayıl Vəliyev qeyd edirdi: "Bir müəllim kimi var gücünü məktəbin, təhsilin inkişafına sərf edənlərdən biri də  Tapdıq müəllim idi. O, özündən əvvəlki müəllimlərin yolunu həvəslə davam etdirirdi. Məktəbimizin direktoru Tapdıq müəllimin Bakıya köçməsi bizim üçün, kəndimiz üçün də gözlənilməz oldu".

Tapdıq Novruzov onu tanıyanların yaddaşına el ağsaqqalı, ziyalı  kimi həkk olunub. O da minlərlə azərbaycanlı kimi yurd həsrətilə yaşadı. "Orda yurdumuz qaldı" adlı kitabında Tapdıq müəllim yazırdı: "Yurdumuza əlimiz çatıb, ünümüz yetmir. Mən inanıram ki, gün gələcək intizar gözlərimiz yollardan çəkiləcək, Böyük Ayrım kəndinin min dərdə dərman ab-havası mənim ömrümün həsrət yarasına məlhəm olacaq...".

Tapdıq Novruzov 2007-ci ildə 85 yaşında dünyasını dəyişib. O, ədəb-ərkanlı, elinin-obasının ən yaxşı adət-ənənələrini yaşatmağa çalışan, sözü ilə əməli bir olan, vətənini ürəkdən sevən, xalqına, dostlarına başucalığı gətirən bir el ağsaqqalı idi.

Müşfiq MİRZƏ,

"Respublika".