Ermənistan məkrli niyyətlərindən əl çəkməli, təxribatlara son qoymalıdır
Siyasət

Ermənistan məkrli niyyətlərindən əl çəkməli, təxribatlara son qoymalıdır

Əks halda bundan sonra daha rəzil vəziyyətə düşəcək

"Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı deyib. Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özümüzə söz verməli, and içməliyik ki, müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Bir daha düşmənin başını qaldırmağa qoymayacağıq. Bizim üçün təhdid yaratmağına imkan verməyəcəyik. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. "Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır" - deyə ölkə başçısı vurğulayıb.

Son vaxtlar Ermənistan silahlı qüvvələri yenidən sərhədboyu ərazilərdə təxribatlar törətməyə başlayıblar. Söz yox ki, rəşadətli Ordumuz tərəfindən dərhal susdurulurlar. Lakin buna baxmayaraq, revanşistlər öz çirkin məqsədlərinə çatmaq üçün atəşkəsi pozmaqda davam edir və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərində məqsədli şəkildə təxribatlar törədirlər. Hələ də anlamaq istəmirlər ki, Azərbaycan 1991-92-ci illərin Azərbaycanı deyil. Görünür, hələ də acınacaqlı məğlubiyyətlə barışmaq istəmirlər. Fakt isə faktlığında qalır. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın etdi və torpaqlarımız düşməndən azad olundu.

Birinci Qarabağ müharibəsində əldə edilən müvəqqəti qələbə Ermənistana və erməni xalqına gözlədiyi xoşbəxtliyi gətirmədi. Əksinə, işğalçı müharibəyə görə Ermənistan iqtisadi blokadaya düşdü, bütövlükdə, regional dalana çevrildi. Qarabağdakı separatçı hərəkat da məhz uzun əsrlər boyu cəmiyyətin öncülləri, ziyalılar və ictimai fiqurlar tərəfindən insanların beyninə yeridilən "dənizdən dənizə böyük Ermənistan" ideyasından doğan zərərli bir element idi. Azərbaycan və Türkiyə ilə bağlı sərhədlər ölkə iqtisadiyyatını "tormozlayan" əsas faktora çevrilsə də, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlamaq ambisiyası Ermənistan rəhbərliyinin real vəziyyəti qiymətləndirməsinə, sağlam düşüncə ilə hərəkət etməsinə mane oldu. Məhz bu faktorlar 30 illik işğal dövründə erməni cəmiyyətinin Qarabağ münaqişəsinə baxış bucağını dəyişdirməyə başladı. Qarabağda mövcud qondarma rejimin bir zamanlar rəhbəri olmuş Bako Saakyan "biz 30 il ərzində Qarabağın sərhədində duran hərbçinin Ermənistanın da təhlükəsizliyini təmin etdiyinə insanları inandıra bilmədik" - deyə Qarabağ və Ermənistan erməniləri arasında mövcud olan kəskin mental uçurumdan gileylənmişdi. Acıq həqiqətdir ki, ermənilərin növbəti avantürası bütün bu proseslərdən onların kənarda qalmasına səbəb oldu. Ermənistanı məhvə aparan, sonu qaranlıq olan yol nə xalq, nə də siyasi rəhbərlik tərəfindən dərk edilməmişdir.

Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində Ermənistanın Qarabağın statusu haqqında tələblərinin perspektivsiz olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Təəssüf ki, hələ də "Dağlıq Qarabağ"ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar".

Qarabağ işğaldan azad olunsa da, ordumuz strateji yüksəkliklərə yiyələnsə də, hərtərəfli üstün vəziyyətdə olsa da, ermənilər məğlubiyyətlə barışmaq, hesablaşmaq istəmirlər. Onlar var qüvvələri ilə toparlanmaq, xarici havadarlardan güc alaraq yenidən meydana çıxmaq, məğlubiyyətin qisasını almaq istəyir və bunu heç də gizli etmirlər. Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginliyə bu kontekstdən baxmaq lazımdır. Bu, məhz Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bu insident 2020-ci ilin iyulunda ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatın bənzəridir. O vaxt da Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək məcburiyyətində qalmışdı. Ermənistanın növbəti avantürasının cavabı vaxtında verilməliydi və verildi. İndi onlar həmişəki kimi beynəlxalq mediada özlərini təcavüzə məruz qalmış kimi göstərir, haray-həşir salırlar. Ermənistanın növbəti hərbi avantürası bütövlükdə Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyi artırır. Kimlərsə rəsmi İrəvanı sözün əsl mənasında "oda atır". Ermənistan ordusu bu zərbələrdən sonra, ümumiyyətlə, özünə gələ bilməyəcək. Saxta təbliğata baxmayaraq, sadə ermənilər kimin hansı gücə sahib olduğunu bilirlər. Və aydın görürlər ki, Azərbaycan Ordusu bir neçə dəfə erməni ordusundan güclüdür.

Bədnam və məkrli qonşumuzun avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycan üçün heç bir təhlükə yarada bilməyəcək. Ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın gördü. Təəssüf ki, işğalçının reallaşdırdığı mina terrorunu, vandallığı beynəlxalq aləm susqunluqla qarşılayır. Bir sözlə, bütün bu vəhşi əməllərin qarşısında dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar səssiz qalır. Bu barbarlıqla bağlı Azərbaycanın davamlı müraciətləri isə heç bir nəticə vermir. Ermənistanın belə vandal əməllər törətməsi onun faşist xisləti ilə bağlı olsa da, qəsbkar bu məsələdə həm də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədi güdür. Azərbaycan ordusu cəmi 7 saat davam edən bənzərsiz cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanla təhdid dili ilə danışmaq olmaz.

Bu gün Azərbaycan dünyanın nüfuzlu və hörmətlə yanaşılan ölkələrindən biridir. Çox təəssüf ki, Ermənistan hələ də Azərbaycan tərəfindən yaradılan reallıqları qəbul edə bilmir. Bunu nə qədər tez anlasalar, qəbul etsələr, acınacaqlı vəziyyətdə olan məğlub ölkə üçün daha yaxşı olar. Əks halda, bundan sonra daha rəzil vəziyyətə düşəcəklər.

Mustafa KAMAL,

"Respublika".