Ermənistanın törətdiyi təxribatlar antiterror əməliyyatlarını zəruri edir
Siyasət

Ermənistanın törətdiyi təxribatlar antiterror əməliyyatlarını zəruri edir

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan düşdüyü vəziyyətdən dərs almadı. 30 il boyunca boş vədlərlə aldadılan, uydurma yalanlarla arxayınlaşdırılan sadə xalqın mənəvi sarsıntılara, maddi çətinliklərə düçar olmasını, ölkə iqtisadiyyatının tənəzzülə uğramasını görməzdən gələn baş nazir Ermənistanın bütün dünyada işğalçı, terrorçu ölkə kimi tanınmasından da narahat olmadı. Əgər düzgün siyasət yürütmədiyini, savadsızlığını, səriştəsizliyini anlamış olsaydı, təbii ki, ən azından 44 günlük müharibədən sonra mənfur siyasətindən əl çəkər, öz xalqına, dövlətinə vurduğu ziyanı davam etdirməzdi. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə özünü regionda həyata keçirilən irimiqyaslı layihələrdən təcrid etmişdir ki, bundan da əziyyət çəkən ilk növbədə erməni xalqı olmuşdur. Belə ki, 30 il ərzində Azərbaycan Prezidentinin münaqişənin sülh yolu ilə həllinə səy göstərməsinə baxmayaraq, qarşı tərəf buna məhəl qoymadı. Nəinki Azərbaycanın, heç beynəlxalq qurumların, təşkilatların qərarları, qətnamələri də Ermənistan üçün heç bir məna kəsb etmədi. İşğalçılığı, terrorçuluğu dövlət siyasətinə çevirən işğalçı ölkə əməllərini tərgitmədi.

Dünyanın ən böyük təşkilatı olan BMT-nin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz qaytarılmasını əks etdirən qətnamələrini öz gücünə yerinə yetirən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edəndən sonra da düşmən ölkəyə sülh təklif etdi. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması, xalqların mehriban qonşuluq şəraitində yaşaması naminə Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etdi. Lakin 30 il Azərbaycan torpaqlarını talan etməkdən gözü doymayan, şəhər və kəndləri viran qoyub dağıtmaqla ürəyi soyumayan Ermənistan məğlubiyyətindən sonra da vandal əməllərini yerə qoymadı. Havadarlarından dilənib dolananmaqla, eyni zamanda işğal etdiyi Azərbaycan torpaqlarındakı yeraltı-yerüstü sərvətləri talan etməklə xalqın təminatını ödəməyə çalışan işğalçı ölkə öz daxili potensialı, təbii resursları hesabına güclənən, ölkə başçısının müdrik, düşünülmüş siyasəti ilə qüdrətlənən Azərbaycanla müharibə aparmaq gücündə olmadığını yaxşı bilsə də, yenə də alçaq niyyətindən əl çəkə bilmədi.

Artıq 44 günlük müharibədən 3 ilə yaxın vaxt keçir. Müharibənin bitdiyi ilk günlərdən Azərbaycanın sülh müqaviləsinin bağlanması ilə bağlı təklifinə müsbət cavab verməyən Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı təslimolma aktının müddəalarını yerinə yetirmir. Nə silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarır, nə də Zəngəzur dəhlizinin açılmasına razılıq verir. Halbuki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın 6-cı maddəsinə əsasən Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyi kimi, Ermənistan da 9-cu maddəyə görə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini öhdəsinə götürür. Lakin nə fayda. Ermənistan hər zaman olduğu kimi, sözünü əməli ilə təsdiqləmir. Azərbaycandan fərqli olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmaqla regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına öz terrorçu əməlləri, təxribatçılığı, ağ yalanları ilə mane olur.

Müharibə bitsə də, Ermənistanın təxribatları, terrorları bitmir. Bütün bunlar artıq Qarabağda "Qisas", "Fərrux", "Sərhəd" kimi antiterror əməliyyatlarının davamının keçirilməsini zərurətə çevirib. Belə ki, artıq 3 aydır ki, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya Laçın yolu ilə Qarabağdakı separatçı qüvvələrə silah-sursat daşımaq istəyən ermənilərin əl-qolunu bağlayıb. Lakin erməni öz xislətindən heç vaxt əl çəkmir. Belə ki, mart ayının 5-də təxribatçılar Laçın yoluna alternativ olan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə öz alçaq niyyətlərini reallaşdırmaq istəmişlər. Azərbaycan ordusunun əməliyyatçıları silah daşıyan avtomobili yoxlamaq istədikdə isə qarşı tərəfdən açılan atəş nəticəsində ordumuzun iki hərbi qulluqçusu şəhid olmuşdur. Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təmas xəttinin önündə ermənilərin mövqelər qurmasına, nəzarət kameraları quraşdırmasına rus sülhməramlılarının heç bir reaksiya verməməsi bölgədə antiterror əməliyyatının keçirilməsi ilə bərabər, həmçinin nəzarət-buraxılış məntəqələrinin yaradılmasının da vacibliyini göstərir. Bu il fevralın 18-də keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verərkən dövlət başçımız da Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmasının zəruri olduğunu diqqətə çatdırmışdır. Çünki erməni separatçılarının nəzarətsiz buraxılması bölgədə sabitliyə, təhlükəsizliyə böyük təhlükədir. Eyni zamanda sülhməramlı adı altında ərazidə yerləşdirilən silahlı qüvvələrin ermənilərin Azərbaycana qarşı təxribat törətmələrinə, ərazimizə silah-sursat daşımalarına göz yumması rus sülhməramlılarının ermənilərin yanında olduğunu açıq-aşkar sübut edir ki, bu da təhlükəni daha da artırır.

 Əlbəttə ki, zərurət yaranarsa, Azərbaycanın öz ərazilərində təhlükəsizliyin təmin olunması üçün antiterror əməliyyatlarına başlaması istisna deyil. Lakin ermənilər bircə şeyi unudurlar ki, əgər Azərbaycan öz tarixi ərazilərində adı onlara yaxşı tanış olan Xüsusi Təyinatlı Qüvvələri ilə hər hansı bir əməliyyat keçirəcəksə, o zaman onların 44 günlük müharibədə olduğu kimi, silahı yerə qoymaqdan başqa yolları qalmayacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".