Güləşçilərimiz daha üç medal qazanıblar
İdman

Güləşçilərimiz daha üç medal qazanıblar

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

74 kq çəki dərəcəsində   sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda almaniyalı idmançıya vaxtından əvvəl  qalib gəlib. Amma ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Bildirək ki, Macarıstan idmançısı xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan T.Bayramov dünya üçüncüsü olub.

Həmyerlimiz Saqadulla Ağayev (86 kq) debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi millimizin üzvünə bürünc medal qazanmaq şansı verib. Təmsilçimiz təsəlliverici görüşdə moldovalı rəqibindən güclü olub. Türkiyə pəhləvanını sonuncu xal prinsipinə əsasən üstələyən S.Ağayev bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 sərbəst güləşçisi - Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva bürünc medal qazanıb. 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn J.Əliyeva fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

***

Şahmatçımız 5-ci yerə yüksəlib

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının oyunları davam edir. Təmsilçimiz Gülnar Məmmədova Laura Unuk (Sloveniya) üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə o, 5-ci yerə yüksəlib. Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva Marina Brunello (İtaliya), Xanım Balacayeva Mariya Qevorqyan (Ermənistan), Xəyalə Abdulla Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar. Günay Məmmədzadə serbiyalı İnjac Teodora, Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Mammədyarova Anna Qvantseladze (Rusiya), Türkan Mammədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva isə Petronela Paraşiv (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Andrea Navroteskuya (Fransa) məğlub olub.

Səkkiz turdan sonra G.Məmmədzadə 5,5, Ü.Fətəliyeva, G.Beydullayeva, X.Balacayeva 5, Zeynəb Məmmədyarova 4, T.Məmmədyarova, X.Abdulla 3,5, N.Babayeva 3, A.Allahverdiyeva 2,5 xal toplayıblar.

      Bəybala  BƏYBALAYEV,

          “Respublika“.