Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına möhkəm zəmin yaratmışdı
Siyasət

Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına möhkəm zəmin yaratmışdı

"Ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Xalqımızın dünyaşöhrətli dahi oğlu Heydər Əliyevin mənalı ömür yolu ədəbiyyat və incəsənətlə sıx bağlı olmuş, o, həqiqi sənətkarı zəmanəsinin və xalqının bədii həyat salnaməsinin yaradıcısı adlandırmışdır. 1997-ci ildə keçirilən Azərbaycan yazıçılarının X qurultayında ulu öndər demişdir: "Mən gənc vaxtlarımdan, həmişə uşaqlıqdan, ilk məktəb nümunələri oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam".

Ümumiyyətlə, Heydər Əliyev 1971-ci ildə çağırılmış Azərbaycan Yazıçılar İttifaqının V qurultayından başlayaraq bütün qurultaylarında fəal iştirak etmiş, dərin məzmunlu parlaq çıxışlarında, nitqlərində vətənə və xalqa məhəbbət ruhunda yazmağın, gözəl sənət əsərləri yaratmağın sənətkarlar üçün xoşbəxtlik olduğunu bildirmişdir. Əgər ədəbiyyatımızın tarixinə qısa nəzər salsaq, xüsusən də 1969-cu ildən sonrakı dövrü araşdırsaq, ulu öndərin xalqın mənəvi sərvəti olan ədəbiyyata, mədəniyyətə, eyni zamanda görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinə yüksək səviyyədə diqqət və qayğısını görərik.

Heydər Əliyev yaradıcı şəxsiyyətlərin, tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsində, repressiya qurbanlarına bəraət verilməsində böyük işlər görmüşdür. Azərbaycan ədəbiyyatı və mədəniyyətinə saysız-hesabsız əvəzsiz xidmətləri ümummilli lider Heydər Əliyevin Vətənə, xalqa, onun mənəvi sərvətinə böyük qayğısının təcəssümü idi.

Ədəbiyyata bağlılıq onun çıxışlarında

 da açıq-aydın duyulurdu. Heydər Əliyevin gözəl natiqlik məharətinə, güclü yaddaşa sahib olması da onun ədəbiyyata bağlılığından qaynaqlanırdı. Müdrik siyasətçi ədəbi və tarixi prosesləri, müxtəlif problem və məsələləri şərh edərkən nitqindəki orijinallıq, sadəlik, səmimilik, aydınlıq, təsirlilik, təmizlik, söz və fikir dəqiqliyi onun məntiqli natiq olduğunu təsdiqləyirdi. Çıxışlarında, müsahibələrində bəzən gətirdiyi ədəbi nümunələr onun ədəbiyyatımıza, mədəniyyətimizə sonsuz sevgisinin göstəricisi idi.

Ölkəmizdə mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən mühüm işlərin böyük bir hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərliyinin ilk illərində - 1969-cu ildə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində kadr çatışmazlığı böyük problemə çevrilmişdi. Həmin dövrdə Heydər Əliyevin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi, 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradılması mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. Ulu öndərin bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində 1970-1980-ci illərdə aparılan bərpa-konservasiya işlərinin səviyyəsi getdikcə yüksəlməyə başladı. Yüzlərlə abidələrdə tədqiqat və bərpa işləri aparıldı. Bakıda Şirvanşahlar Sarayı Kompleksi, həmçinin Naxçıvanda Mömünə Xatun, Yusif Küseyir oğlu və Qarabağlar türbələri, Mərdəkandakı Düzbucaqlı və Dairəvi qəsrlər, Ramana qəsri, Şəkidə Xan sarayı, Bərdə türbəsi, Mərəzədə Diri Baba türbəsi, R.Behbudov adına Mahnı Teatrının, Musiqili Komediya Teatrının binası və s. ölkə əhəmiyyətli tarixi abidələrin qorunub saxlanması istiqamətində mühüm işlərə başlandı.

Qafqaz Albaniyasının memarlıq sənətinin kompleks şəkildə öyrənilməsi də 70-ci illərə təsadüf edir. Həmin illərdə Şəki, Zaqatala, Mingəçevir, Şamaxı, Qəbələ və s. bölgələrimizdə aparılan tədqiqatlar nəticəsində həmin dövrə aid mədəni irsin öyrənilməsi və qorunması üçün müəyyən tədbirlər görüldü.

Tarix və mədəniyyət abidələri kimi xüsusi əhəmiyyətə malik olan "Heydər Əliyev" (1976-cı il) və "Gülüstan" (1970-ci illər) sarayları, Azərbaycan Respublikası Gənc Tamaşaçılar Teatrı (1980-ci illər), Azərbaycan Dövlət Rus Dram Teatrı (1970-ci illər), Dəniz vağzalı (1970-ci illər), Azərbaycan Respublikası Prezident Aparatı (1970-ci illər), Bakı Dövlət Sirki (1960-cı illər) kimi saysız-hesabsız tarixi binalar Heydər Əliyevin şəxsi təşəbbüsü ilə inşa olunmuşdur.

Həmin illərdə yeni tarix və mədəniyyət qoruqları da yaradıldı. Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi də qoruq elan edildi.

Müstəqilliyin bərpasından sonra ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul olunmuş - 10 aprel 1998-ci il tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və 6 fevral 1998-ci il tarixli "Mədəniyyət haqqında" qanun bu istiqamətdə mühüm addım oldu. Bunun ardınca, 2001-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət tərəfindən mühafizəyə götürülmüşdür.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində xalqımızın mədəni irsinə diqqət və qayğı çox yüksək səviyyədə olmuşdur. Onun şəxsi göstərişi ilə bir sıra əhəmiyyətli abidələrin bərpası üzrə işlər də bu sıradadır. Məsələn, Musiqili Komediya Teatrının binasının yenidən qurulması, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında bərpa-yenidənqurma işlərinin aparılması, Naxçıvanda Xanəgah memarlıq kompleksinin, Şəki rayonunun Kiş kəndindəki Alban məbədinin, Bakıdakı Lüteran kilsəsinin və s. onlarla abidənin bərpası bu istiqamətdə aparılan işlərin nümunəsidir.

XIII əsrdə əsası qoyulmuş, lakin sovetlər dönəmində dağıdılmış Bibiheybət ziyarətgahının yeni kompleksinin təməli də Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə qoyulmuşdu. Ulu öndərin tapşırığı ilə Nardaran pirində də bərpa-yenidənqurma işləri aparılmışdı. Xalqımızın ölməz şairi Hüseyn Cavidin qəbrinin uzaq Sibirdən doğma Azərbaycan torpağına gətirilməsi və xatirəsinin əbədləşdirməsi üçün Naxçıvanda məqbərəsinin inşa olunması isə ümummilli liderin əvəzolunmaz xidmətidir.

Heydər Əliyevin tapşırığı ilə 1999-cu ildə Azərbaycan Respublikası ərazisindəki dəyərli abidələrin qorunması və bərpası məqsədilə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən, 2000-2003-cü illərdə Azərbaycanın mühüm memarlıq və tarixi əhəmiyyət kəsb edən dörd abidəsində - Şirvanşahlar Sarayı Kompleksinə daxil olan Saray binasının ikinci mərtəbəsində və Divanxanada, Şəki Xan Sarayında, Naxçıvan şəhərindəki Mömünə Xatun türbəsində və Qarabağlar kəndindəki Qudi Xatun türbəsində və 2 minarədə bərpa, konservasiya, rekonstruksiya işləri aparılmışdır. Ulu öndərin 2003-cü ildə verdiyi müvafiq sərəncamına əsasən, "Çıraqqala" və "Şabran" tarixi qoruğu yaradılmışdır.

Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.

M.VƏLİQIZI,

"Respublika".