Horovlunun igid oğlu
Region

Horovlunun igid oğlu

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Xüsusi təyinatlı “həmlə” taborunun əsgəri, Vətən müharibəsinin şəhidi, əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Elyar Cəlal oğlu Mirzəyev 6 sentyabr 1984-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Sərdar İmrəliyev adına Bahar tam orta məktəbində təhsil alıb. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar sonralar “Bakılı”, “Mil”, “Ədliyyə” futbol klublarının fəal üzvü olub.

2016-cı ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Mirzəyev Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur.

Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində  Vətən torpağına tapşırılıb. Ailəli idi, 2 övladı var.

Elyar Mirzəyev Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Yaşasaydı, 37 yaşı olardı. Amma ölüm sevinməsin. Ömrün bahar çağlarında dünyanı tərk edən Horovlu kəndinin igid oğlu doğma Vətənə ömürlük bahar bəxş elədi.

Tofiq HÜSEYN,

  “Respublika”.