İMİŞLİ: Tarlalardan yüksək məhsuldarlıq gözlənilir
Region

İMİŞLİ: Tarlalardan yüksək məhsuldarlıq gözlənilir

İmişli kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malikdir.

Ötən əsrin 80-ci illərində bu rayonda hər il 50 min ton xam pambıq tədarük edilib, böyük emal zavodu yaradılıb. O dövrlə müqayisədə indi rayon əhalisinin sayı artıb, əkin dövriyyəsinə böyük həcmdə yeni torpaqlar cəlb edilib, texnika, gübrə və yanacaqla təchizat yaxşılaşdırılıb. Artıq bir neçə gündür ki, fermerlər mütəşəkkil şəkildə yığıma başlayıblar. Əsas məqsəd pambığı tez və itkisiz yığmaqdır.  Son illər həyata keçirilən iqtisadi islahatlar aqrar sahəyə də yeni nəfəs verib. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda kənd təsərrüfatının istehsalının zəngin tarixi ənənələri var. Ölkəmiz tək neft ilə deyil, həm də bərəkətli torpaqlarında yetişən məhsulları ilə tanınır. Kənd təsərrüfatının, xüsusən onun ənənəvi sahələrinin inkişafı, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri hüquqi aktlar, Dövlət proqramları qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafını təşviq edən müşavirələr, ixracyönümlü, ölkəmizə valyuta gətirə bilən istehsal sahələrinin stimullaşdırılması ilə bağlı atılan addımlar aqrar sahədə böyük canlanmaya və əhalidə ruh yüksəkliyinə səbəb olub.

Bu günlərdə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Səlim Məhərrəmovdan rayonda pambıqçılığın inkişafında mövcud vəziyyət barədə məlumat verməsini xahiş etdik. Direktor bildirdi ki, bu il yazda İmişlidə 7011,9 hektar sahədə pambıq çiyidi səpilmişdir. Fermerlər "MKT İstehsal Komersiya" MMC, "P-Aqro" MMC, "Azərpambıq" MMC və digər şirkətlərlə bağladıqları müqavilə əsasında pambıq əkini həyata keçirmişlər. Belə ki, bağlanan müqavilə əsasında adları çəkilən şirkətlər tərəfindən torpağın şumlanmasından başlayaraq, toxumla təminat, sahələrin kultivasiyası, dərmanlama, məhsul yığımı, əgər fermerlər icarəyə götürdüyü torpaqda pambıq əkirsə, icarə haqqının ödənməsi, pambığın alaqdan təmizlənməsi, ən nəhayət, məhsul yığımına lazım olan vəsait tam ödənilir. Fermerlər məhsulu yığıb tədarükçü şirkətə təhvil verir, elə həmin anda tədarükçü şirkət öz xərclədiyi vəsaiti götürür, məhsulun dəyərini ödəyir.

S.Məhərrəmov qeyd etdi ki, "MKT İstehsal Komersiya" MMC ilə 420 nəfər fermer müqavilə bağlayaraq 3260 hektarda, "Azərpambıq" MMC ilə 418 nəfər müqavilə bağlayaraq 1800 hektarda, "P-Aqro" MMC ilə 270 nəfər müqavilə bağlayaraq 1000 hektarda və digər şirkətlər isə ümumilikdə 951,9 hektarda pambıq əkib becəriblər. Artıq bir neçə gündür ki, İmişlidə "ağ qızıl"ın yığımına start verilib. Hazırda tarlalarda yarpaqların tökülməsi üçün dərmanlama işləri yekunlaşmaq üzrədir ki, bu da məhsulun texnika ilə təmiz, itkisiz və optimal müddətdə yığımına kömək edəcək. Hava şəraitindən asılı olaraq yaxın günlərdə tarlalarda texnika ilə pambığın kütləvi yığımına başlanacaq. Bunun üçün texnikalar vaxtında saz vəziyyətə gətirilmişdir. Hazırda əl ilə yığım prosesi davam edir, pambığın tez və itkisiz yığılması üçün 28 ədəd pambıqyığan, 66 ədəd nəqliyyat traktorundan və 132 ədəd qoşqu lafetdən istifadə olunur. Oktyabrın 7-dək qəbul məntəqələrinə 5148,89 tondan çox məhsul təhvil verilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 5-6 dəfə çoxdur. Hazırda rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə fermerlərə tədarük müəssisələrini, habelə aidiyyəti təşkilatları sıx əlaqələndirmək və ortaya çıxan problemləri operativ olaraq aradan qaldırmaq üçün yerli icra hakimiyyətində qərargah yaradılıb. O cümlədən fermerlərin məhsulunun məntəqələrdə laboratoriya analizlərində yaranan mübahisələrə də icra hakimiyyəti tərəfindən mütəxəssislər cəlb olunublar. Yerli icra hakimiyyətinin proqnozuna görə, cari il məhsulun və gəlirin həcmi əvvəlki ildəkindən xeyli artıq olacaq. Fermerlər yaradılan şəraitə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardırlar.

Ərəstun ABDULOV,

"Respublika".