İqlim dəyişikliyi ilə bağlı gənclər konfransı keçirilib
Ekologiya

İqlim dəyişikliyi ilə bağlı gənclər konfransı keçirilib

Mayın 4-də IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənclər İqlim Konfransı keçirilib. Yer Günü 2022-yə həsr olunan tədbirin keçirilməsində əsas məqsəd qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında gənclərin məlumatlılığını artırmaq və bu məsələdə onların fəallığını artırmaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens çıxış ediblər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) nəticələri və növbəti addımlar mövzusunda məruzə edib.

Tədbir zamanı diplomatik korpusun nümayəndələri, ekspertlər və gənc liderlər Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) nəticələrini nəzərdən keçirib, iqlim böhranı ilə mübarizə yollarını müzakirə ediblər. Bildirilib ki, 2021-ci ildə keçirilmiş COP26 İqlim Konfransında dünya ictimaiyyəti tərəfindən istixana emissiyalarının azaldılması və qlobal istiləşmə ilə mübarizənin maliyyələşdirilməsi kimi mühüm məsələlər üzrə bir sıra öhdəliklər götürülüb. Tədbirin ev sahibi kimi Böyük Britaniya bir sıra ambisiyalı iqlim öhdəlikləri qəbul etdiyini elan edib və dünya ölkələrinin iqlim dəyişmələri ilə mübarizədə səylərini birləşdirmək üçün bir neçə qlobal iqlim təşəbbüslərini irəli sürüb.

Konfrans "Azərbaycan iqlim dəyişikliyi ilə necə mübarizə aparır?" panel sessiyası, "Gənclik İqlim fəaliyyətini idarə edir" mövzusunda təqdimatla davam edib. Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə səyləri, qlobal istiləşmə probleminin həllində gənclərin rolu və liderlik perspektivlərinə dair təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə dəstək nümayiş etdirmək məqsədilə təşkil edilən Yer Günü 2022-ci ildə "Planetimizə investisiya edək" şüarı altında keçirilib.

AZƏRTAC