İtaliya ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələri davam edir
Siyasət

İtaliya ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələri davam edir

İşğaldan azad olunan ərazilərin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı iki ölkə arasındakı münasibətlərin davamlı inkişafının göstəricisidir

Azərbaycanın əzəli torpaqları 30 ilə yaxın düşmən əsarətində qaldı. Bu müddət ərzində dəfələrlə "biz öz tarixi torpaqlarımıza qayıdacağıq", - deyən ölkə başçımız, eyni zamanda Azərbaycanın Ermənistan dövlətinin ərazisinə girmək barədə heç bir planının olmadığını da bəyan etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail ola bilməyən Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycana məxsus ərazilərdə ermənilərin növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatının başlanması üçün "İrəli" komandasını verdi.

Torpaqlarımızın bütövlüyü, ərazilərimizin işğaldan azad olunması məqsədilə Vətən müharibəsi başlandı. Öz xalqının, ölkəsinin müdafiəsində dayanan Azərbaycan Ordusu döyüşlərdə misli görünməmiş rəşadət, qəhrəmanlıq göstərərək düşməni döyüş meydanında məhv etdi. İkinci Qarabağ müharibəsində 300-dən artıq yaşayış məntəqəsi, strateji yüksəkliklər, Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələri, Xocavənd rayonunun bir hissəsi, Murovdağ dağ silsiləsi işğaldan azad edildi. Düşmən ordusu döyüşə tab gətirməyib 44 gündən sonra təslimolma aktı imzaladı və Ağdam, Laçın, Kəlbəcər rayonları döyüşsüz Azərbaycana geri qaytarıldı. Düşmənin kapitulyasiyasından sonra hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm hərbi, həm də siyasi yolla həll olundu. Müharibənin qalibi isə Azərbaycan oldu.

Müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ermənilərin ərazi bütövlüyümüzü pozması nəticəsində yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın öz doğma yerlərinə qayıtmaları üçün genişmiqyaslı işlərə start verildi. Dövlətin bütün imkanlarını səfərbər edən Prezident İlham Əliyev respublikamızın, o cümlədən Azərbaycana dost ölkələrin iş adamlarını işğaldan azad olunmuş ərazilərə sərmayə yatırmağa, burada müəssisələr qurmağa, iş yerləri açmağa çağırdı. Ölkə başçımız 2020-ci il dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Azərbaycan dövlətinin Qarabağın yenidənqurma və bərpa prosesinə yerli mütəxəssislərin cəlb olunması ilə yanaşı, xarici investorlarla - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. ölkələrlə əməkdaşlıq etmək niyyətini bildirmişdir: "Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin…".

Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrası reallaşdırılır. Bu əraziləri başdan-başa yenidən qurub-yaradan Azərbaycanın qardaş Türkiyədən sonra ikinci kontraktı İtaliya ilə bağlaması yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələrinin təzahürüdür. Bu əlaqələr çox illər əvvəl qurulmuş, bu gün də davam etdirilir. Belə ki, 2012-2013-cü illərdə Bakıda Azərbaycan-İtaliya biznes forumları keçirilmiş, birinci forumda İtaliyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 31, ikinci forumda 120 şirkətinin təmsilçiləri, habelə Azərbaycan və İtaliyanın dövlət və işgüzar qurumlarının bir çox nümayəndələri iştirak etmişlər. 2013-cü il 18 noyabr tarixində Roma şəhərində ilk dəfə keçirilən İtaliya-Azərbaycan Turizm Forumuna hər iki ölkənin dövlət qurumları, turizm ilə məşğul olan işgüzar birlikləri, turizm şirkətləri olmaqla 150-dən çox nümayəndə qatılmışdır. 2016-cı ilin 13 iyun tarixində Roma şəhərində təşkil olunan Azərbaycan-İtaliya biznes forumunda iki ölkədən 200-ə yaxın, 2017-ci ilin 23 fevral tarixində Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda isə iki ölkədən 250-yə yaxın şirkət iştirak etmişdir. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında imzalanan müqavilələr əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidən qurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işləri həyata keçirirlər. Bütün bunlar Azərbaycanın xarici ticarət dövriyyəsində ölkələr arasında birinci yerə sahib olan, aparıcı ticarət tərəfdaşı İtaliya ilə iqtisadi münasibətlərinin yüksək templə inkişaf etməsinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi zamanı bildirmişdir ki, italyan şirkətləri İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində yaxından iştirak edir və bu ərazilərdə Memorial və Zəfər muzeylərinin tikintisi İtaliya şirkətlərinə həvalə olunub. Ölkə başçımız İtaliyanın "Ansaldo" şirkətinin işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz etdiyini, həmçinin daha bir İtaliya şirkətinın Şuşada yeni məscidin inşasını həyata keçirəcəyini də qeyd etmişdir.

Azərbaycan ilə İtaliya arasında mövcud olan münasibətlər güclü və etibarlı tərəfdaşlığa zəmin yaradır. Bu əlaqələr hər iki ölkənin dövlət başçılarının səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər, müqavilələr əsasında daha da möhkəmləndirilir. İtaliyanın Cənubi Qafqazdakı ticarət əlaqələrinin 95 faizi Azərbaycana aiddir. Sözsüz ki, ticari-iqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır.

İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini bildirən dövlət başçısı İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsi zamanı bu barədə demişdir: "Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq".

Bütün bunlar ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan dostluq əlaqələrini, tərəfdaşlıq münasibətlərini gündən-günə daha da dərinləşdirir.

 Mehparə ƏLİYEVA,

 "Respublika".