KULTUROLOGİYA SAHƏSİNDƏ TANINMIŞ ALİM
Sosial həyat

KULTUROLOGİYA SAHƏSİNDƏ TANINMIŞ ALİM

Tanınmış şəxslərin ömrü onların yaşları ilə deyil, əməlləri, xalq qarşısındakı xidmətləri ilə ölçülür.  Əlbəttə, xoşbəxt o kəsdir ki, dönüb keçdiyi ömür yoluna boylananda peşmançılıq hissi keçirmir, yaşadıqca yaşamaq, çalışdıqca çalışmaq istəyir. Belə ömür yolunun yolçularından biri də Fuad Məmmədovdur.

Fuad Teyyub oğlu Məmmədov 28 oktyabr 1946-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1964-cü ildə Bakıdakı 150 saylı tam orta məktəbi bitirib, elə həmin il o vaxtkı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1969-cu ildə ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.

Tələbəlik dövründə institutun kimya-texnologiya fakültəsinin Komsomol təşkilatının Həmkarlar Komitəsinin sədri işləyib. SSRİ Həmkarlar İttifaqının XIV Qurultayının nümayəndəsi qismində azərbaycanlı tələbələri təmsil edib.

1969-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix  İnstitutu və Tarix muzeyində kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib.  1975-ci ildə o, Azərbaycanda elmin tarixi sahəsində namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

1990-1999-cu illərdə  Fuad Məmmədov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun kulturologiya kafedrasının müdiri vəzifəsində işləyib. Professor F.Məmmədov 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışır.

Fuad Məmmədov öz tədqiqatları ilə Azərbaycan elmində yeni istiqamət olan  kulturologiyanın əsasını qoyub. O, elmin, mədəniyyətin və sivilizasiyanın tarixi və nəzəriyyəsi, idarəçilik mədəniyyəti və s. sahələrdə 300-dən artıq monoqrafiyanın, kitabların, elmi və elmi-maarifləndirici məqalələrin müəllifidir.

 “Kulturologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı: “Əbilov, Zeynalov və oğulları”, 2002. – 534 s.), “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi” (Bakı: “Əbilov, Zeynalov və oğulları”, 2006. – 575s.), “İdarəçilik mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (Bakı: “Apostrof”, Çap evi, 2009, 2013-cü illər. – 775s.) və başqa elmi məqalələri misal göstərmək olar.

Dünya kulturologiya elmində ilk dəfə olaraq, F.Məmmədov  Lütfi Zadənin “qeyri-səlis” məntiq nəzəriyyəsindən istifadə etməklə kulturoloji metodologiyanı və onun  elmi prinsiplərini, “kulturoloji piramida” universal metodunu, “mədəni insan”, “mədəniyyətin ilk qanadı”, “xoşbəxt ailə”, “mədəniyyətin səmərəliliyi”, “idarəçiliyin səmərəliliyi”, “sosial-mədəni tərəqqinin səmərəliliyi” və başqa kulturoloji anlayışları özündə ehtiva edən kulturoloji anlayışları yaratmışdır.

Hazırlanmış kulturoloji yeniliklər insan kapitalının və yüksək mədəniyyətli cəmiyyətin formalaşması, dövlətin sabit və inklüziv inkişafı, eləcə də mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təkmilləşməsi, ekstremizmin qarşısının alınması və qloballaşma üçün praktik əhəmiyyətə malikdir.

Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Hindistan, Rumıniya, Macarıstan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdə keçirilən beynəlxalq forumlarda, universitetlərdə, səfirliklərdə “kulturologiya və insan inkişafı”, “yüksək mədəniyyətli insan”, “dünyanı mədəniyyət xilas edəcək” və s. mövzularda məruzələr etmişdir.

Fuad Məmmədov elmi və pedaqoji fəaliyyəti  ilə yanaşı, Azərbaycanda insan kapitalının, yüksək mədəniyyətli insanların formalaşdırılması və inkişafına yönəlmiş maarifləndirici ictimai işlə də məşğuldur. O, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, “Simurq” Beynəlxalq kulturoloji jurnalın (dünya mədəniyyəti və sivilizasiyasının tarix və nəzəriyyə məsələləri) təsisçisi və baş redaktoru, “Simurq” Kulturologiya Mərkəzinin direktoru, “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarın elmi rəhbəri, Bakı şəhəri Yasamal rayonunun Ağsaqqallar Şurasının sədr müavini, Kazan şəhərində fəaliyyət göstərən “Velikiy Volcskiy Put” beynəlxalq ictimai təşkilatın idarə heyətinin sədr müavini, Azərbaycan Zadəganlar Məclisinin üzvü, “Cabir Novruz” Mədəniyyət Fondunun ən fəal üzvlərindən biridir.

 Ömrünün ötən günlərinə dönüb baxanda Fuad müəllim  həyatının ən mənalı, xoş anlarını xoşbəxt ata, sevimli baba, sadiq ailə başçısı kimi xatırlayacaq. Düzlük, təmizlik, mənəvi saflıq, xeyirxahlıq Fuad müəllimin ömrünün bəzəyidir. Hər dəfə elm, mədəniyyət, təhsil sahəsində tələbə və şagirdlərin düzgün tərbiyə olunmasında gördüyü işləri yada salanda qəlbi fərəhlə döyünəcək və bundan mənəvi zövq alacaq.

Elşad DAĞLI,

“Cabir Novruz” Mədəniyyət Fondunun

mətbuat xidmətinin rəhbəri, AJB-nin üzvü.