Laçın Azərbaycanın zümrüd qaşıdır
Siyasət

Laçın Azərbaycanın zümrüd qaşıdır

Laçın xalqımızın qədim yaşayış  məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyümüş, yalçın qayaların dəyanətindən dərs almışlar. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz  Laçının tayı-bərabəri yoxdu. Laçının bünövrəsi 1924-cü ildə qoyulmuşdu.

Şəlvə dərəsinin nadir  gözəlliyi, Qırxqız yaylağının şəfalı havası, uca qayaların qoynundan süzülüb gələn Narzan bulaqların   şərbət suyu həmişə bu yerlərin tamaşasına gələnlərin diqqətini cəlb edib. Laçının kəndləri dağ və meşələri, nəğməli qayaları Ulu Tanrının qüdrəti ilə yaradılmış cənnət guşə, təbii muzeydir.

Laçın həmişə müxtəlif sahələrdə qazandığı uğurlarla ölkəmizə töhfələr verib, iqtisadi qüdrəti ilbəil yüksəlib, insanların həyat tərzinin yüksəldilməsinə maksimum səy göstərilib. Bu yurdun dağ vüqarlı,  mərd insanları olub.

İkinci Dünya müharibəsi illərində 3660 Laçın sakini cəbhəyə yollanmış, onlardan 2426 nəfəri ağır  döyüşlərdə qəhrəmancasına həlak olmuş, Laçının igid övladı, qvardiya  baş  serjantı Əvəz  Verdiyev Polşa torpağında gedən ağır döyüşlərdə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, elə oradaca əbədiyyətə qovuşmuşdur.

Laçının bir şəhər kimi yüksəliş dövrü  mübaliğəsiz demək olar ki, ulu öndər Heydər Əliyevin respublika rəhbərliyində olduğu dövrə təsadüf edir. Məhz 1970-80-ci illərdə Laçının sosial-iqtisadi inkişafı sürətlə davam etmiş, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmiş, Şuşa-Laçın yolu əsaslı təmir edilmiş çoxsaylı sosial obyektlər inşa olunmuşdur.

Laçının sərvətlərindən danışarkən 1961-ci ildə təşkil edilmiş qoruğu xatırlamamaq olmaz. Burada təbii Narzan sularından və bütün dünyada nadir olan qırmızı palıd meşələrindən başqa 400-dən çox dağ keçisi, 500-ə qədər  cüyür, bir o qədər də qaban, mindən artıq turac, 2500-ə  qədər kəklik mühafizə olunurdu. Bir sözlə, təbiətin nazlı gəlini Laçın hər cür nemətlə zəngin olub.

1971-ci ilin 16 noyabrında Azərbaycan KP MK və Nazirlər Soveti “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” qərar qəbul edib. Elə həmin tarixdə respublika rəhbərliyinin “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qüvvəyə minir. 1974-cü il  avqustun 6-da isə Azərbaycan KP MK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında qərar qəbul edir. Həmin tədbirlərin  həyata keçirilməsi nəticəsində Laçın rayonundakı təsərrüfatların maddi-texniki bazasını xeyli möhkəmləndirmək mümkün oldu.

1988-ci ildə Azərbaycanın  sərhəd rayonlarında vəziyyət kəskin şəkildə gərginləşdi, “Dənizdən-dənizə”, “Böyük Ermənistan”    iddiası ilə yaşayan faşist xislətli erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq xalqımıza qarşı xəyanət toru hazırladı. Ermənipərəst M.Qorbaçov isə bu çirkin əməllərə göz yumdu. Getdikcə vəziyyət kəskinləşdi. Ermənilər öz havadarlarının  dəstəyi ilə  Azərbaycan ərazilərinin bir hissəsini, o cümlədən Laçın rayonunu işğal etdi. Laçının ermənilərin əlinə keçməsi Azərbaycanda aydın səmada şimşək çaxması təəssüratı oyatdı.  Laçın öz tarixinə ən faciəvi hadisəni qara hərflərlə həkk etməli oldu, “dağların tacı” düşmənə təslim oldu.

Ata-baba yurdlarından zorla çıxarılan laçınlılar Azərbaycanın müxtəlif guşələrində məskunlaşdılar. İllər ötüb keçdi, məcburi köçkün həyatını yaşayan  laçınlıların qəlblərində, duyğularında, gözlərində bir an olsun belə Laçın dərdi, Laçın həsrəti soyumadı. Uzun illər ermənilərə qan udduran  Sultan bəyin gəzdiyi yerlərin ermənilərin əlinə keçməsini öz   qeyrətlərinə sığışdırmadılar.

1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən  hakimiyyətə  qayıtdıqdan sonra laçınlıların qəlbində ümid  çırağı parladı, belə qənaətə gəldilər ki, heç vaxt Laçın  tək incini  itirməyəcək, günlərin bir günündə  Laçın tək bir cənnət guşə işğaldan azad olunacaq, o yerlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır.

Laçın heç vaxt düşmən tapdağında qala bilməzdi. 2020-ci ildə müzəffər Azərbaycan ordusu  Prezident, Ali Baş Komandan cənab  İlham Əliyevin qətiyyəti  sayəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız, o cümlədən dilbər guşəyə malik olan Laçın rayonu 44 gün ərzində  işğaldan azad olundu. Düşmənin uzun illər yığdığı texnika məhv olundu. Laçınlılar çox tezliklə  qəribsəmiş yurd yerlərinə dönəcək, həyat əvvəlki axarına düşəcək, dağlarda çal-çağırlı günlər başlayacaqdır.

 Qürur hissi ilə vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş digər rayonlar kimi, Laçında da bu gün bərpa, yenidənqurma işləri aparılır. Prezident İlham Əliyevin sərəncamına əsasən  72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolu tikilir. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində  altkeçidlər  və körpü inşa  olunacaq. Yol üzərində 3 tunelin  tikintisi aparılacaqdır.

Qeyd etmək lazımdır ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm  amili özündə ehtiva edir. İlk növbədə şübhəsiz ki, aeroportun tikilməsi ümumilikdə  bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına  səbəb olacaqdır.

Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən Laçındakı  Beynəlxalq  Hava Limanının  təməlini qoydular.

Hava limanının təməlinin qoyulması tədbirində Prezident İlham Əliyev dedi: “Bu gün azad edilmiş torpaqlarda  böyük infrastruktur obyektlərin təməli qoyulur. Laçın rayonunda Beynəlxalq Hava Limanının tikilməsinə start verilir. Bu hava limanının tikintisi mənim  tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək”.

Bir vaxtlar dağlar gözəli Laçında məşhur Qırxqız yaylağında, təbiətin füsunkar  çağlarında  elat yaylaqlara  köç edəndə ətrafda qonaq-qara əlindən tərpənmək mümkün olmazdı.  Hər addımda telli saz ötərdi. Həkəri çayı insanları qoynuna səsləyərdi. Həm qəzəbli, qüdrətli, həm də mülayim, nəğməkar Həkəri! Laçınlıların sevinci köksünə sığmır.  Quruculuqla, abadlıqla bağlı bütün  layihələr reallaşacaq, bərpa işləri genişlənəcək, Laçın çox tezliklə Azərbaycanın cənnət guşələrindən birinə çevriləcəkdir.

Qədir ASLAN,

“Respublika”.