Milli-mənəvi dəyərlərimizə ehtiramın əməli ifadəsi
Sosial həyat

Milli-mənəvi dəyərlərimizə ehtiramın əməli ifadəsi

İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapmışdır. Qarabağda bərpa-quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən ilk olaraq 2,2 milyard manat vəsait ayrılmışdır. Bütün bunlarla yanaşı, görülən işlərə təkan olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu da yaradılmışdır. Bildiyimiz kimi, aparılan bərpa-yenidənqurma işləri ilk olaraq Zəngilan rayonundan start götürdü və bu gün bütün Qarabağda geniş miqyasda həyata keçirilir. Yayı səfalı, qışı sərt, qar-çovğunlu olan Qarabağ torpaqlarında yeni həyat başlayır.

Hər dəfə ölkə başçımız cənab İlham Əliyevin Qarabağa səfəri burada bərpa-quruculuq işlərinin daha sürətli aparılmasında mühüm irəliləyişlərin olmasından xəbər verir. Əlbəttə ki, bu səfərlərin hər birinin mühüm əhəmiyyəti var. Oktyabr ayının 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonlarına səfər ediblər. Səfər çərçivəsində Prezident və birinci xanım Qubadlı şəhərinin Baş planı ilə tanış olublar. Rayonda yaradılacaq "İşğal" və "Zəfər" muzeyləri kompleksinin təməli qoyulub. Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A.Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş planda əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı isə mərkəzdən kənarlara doğru uzaqlaşdırılacaq. Şəhərdə salınacaq Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Həkəri çayı kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeydə işğala qədər olan dövrdə Qubadlı əhalisinin gündəlik həyatı, şəhərin işğal olunması və hadisə şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək.

Zəfər Muzeyinin interyeri isə dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən "Dəmir Yumruq" əməliyyatına həsr olunacaq. Eyni zamanda, bu muzey Azərbaycan xalqının haqq savaşındakı qəhrəmanlığını, əldə etdiyi qələbəsini gələcək nəsillərə çatdırmaqla bərabər, həm də beynəlxalq aləmə təbliğ etmək baxımından təşviqat və informasiya mərkəzi olacaq.

Əsası 30 avqust 1930-cu ildə qoyulan Qubadlı rayonu 1 şəhər, 93 kənddən ibarət olmuşdur. Sahəsi 802 kvadratmetr olan rayonun işğaldan öncə 30323 nəfər əhalisi olub. Hazırda isə bu rəqəm 34 min nəfərdir. Rayonda Tarix-Diyarşünaslıq Muzeyi, 180-ə yaxın mədəni-maarif müəssisəsi, 84 kitabxana, 12 mədəniyyət evi, 44 klub, 2 uşaq musiqi məktəbi və digər iaşə obyektləri fəaliyyət göstərib. Təəssüflər olsun ki, işğal dövründə sadaladığımız bütün müəssisə və yaşayış obyektləri erməni vandalizminə məruz qalıb. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, məhv ediblər.

30 illik işğaldan sonra öz azadlığına qovuşan Qubadlı rayonu da bu gün inkişafının yeni mərhələsindədir. 2020-ci il oktyabr ayının 20-də Zəngilan rayonu işğaldan azad olunanda Qubadlıya sanki bir qapı açıldı. Növbəti addım, hədəf məhz bu rayon idi. Oktyabr ayının 25-də isə Qubadlı rayonu işğaldan azad edildi. Bu isə bizə Qələbəni bir az da yaxınlaşdırdı. Beləcə, hər gün ordumuzun müjdəli xəbərləri ilə addım-addım Zəfərimizi qazandıq. Azad Qarabağa qovuşduq. 30 ildə dağıdılıb, talan olunan, daşı-daş üstə qalmayan, ruhlar məkanına çevrilən ərazilərimiz artıq dirçəlməyə başladı.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlarımızdan biri də Zəngilandır. Dövlət başçısı bu yerlərə səfəri zamanı Zəngilanda da görülən bir sıra işlərlə tanış olmuş, yeni yaradılacaq bina və obyektlərin təməlqoyma mərasimində iştirak etmişdir. Bunlar rayon mərkəzində tikiləcək ilk yaşayış və məktəb binalarıdır. Onu da qeyd edək ki, hələ sentyabr ayının 7-də Prezident İlham Əliyev Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır. Oktyabr ayının 19-da isə məktəb binasının təməli qoyulmuşdur.

960 şagird yerlik tam orta məktəb Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq. Üç mərtəbədən ibarət məktəbdə modul siniflər, böyük amfiteatr, açıq meydançalar olacaq. Ağalı kənd məktəbindən güc alacaq bu məktəbdə də tezliklə qayğısız uşaq gülüşləri, gur çalınan məktəb zəngləri səslənəcək. Elə məktəbin yaxınlığında salınacaq yaşayış məhəlləsi də bu sevincə qoşulacaq. Məhəllənin böyük bir hissəsi yaşıllıq zonası olacaq. Ümumilikdə, 10 bina tikiləcək, onlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. Binaların inşasında milli naxış, ornamentlərlə yanaşı, həm də modern, minimalistik memarlıq yanaşmalarından da istifadə ediləcək. Bütün bu görülən işlər işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin tərkib hissəsidir.

Dövlət başçımız cənab İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə demişdir: "Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur".

Ramidə YAQUBQIZI,

"Respublika".