Müharibə əlilləri ilə işin nümunəvi təşkili günün tələbidir
Sosial həyat

Müharibə əlilləri ilə işin nümunəvi təşkili günün tələbidir

Hacıqabul Rayon İcra Hakimiyyətinin akt zalında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə işin təşkili mövzusunda müşavirə keçirildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal altında saxlanılmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində işğala son qoyulmasından danışdı.

Bildirildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış, Vətən müharibəsində igidlik göstərmiş qazilərimizin ailə üzvlərini narahat edən məsələlərin həllinə yaxından köməklik edilməsi hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Gülmirzə Süleymanov, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndələri şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığını qeyd etdilər.

Sonda rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə mütəmadi görüşlərin təşkil edilməsi və onları narahat edən məsələlərin həlli istiqamətində işlərin günün tələbləri səviyyəsində qurulması üçün tapşırıq və tövsiyələrini verdi.

Tofiq HÜSEYN,

"Respublika".