Münaqişədən sonrakı dövrdə vəziyyətin sabitləşdirilməsi əsas prioritetdir
Siyasət

Münaqişədən sonrakı dövrdə vəziyyətin sabitləşdirilməsi əsas prioritetdir

Rəsmi Moskvanın səyləri öncə əldə olunan üçtərəfli razılıqların icrasına yönəlib

Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan-Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimizin arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycanın mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir. Siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlıq əlaqələri daim genişlənir.

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikası və əldə edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq, mühüm işlər, önəmli layihələr dayanır və bütün bu deyilənlər yüksək göstəricilərdə öz əksini tapır. Təhlillər göstərir ki, ikitərəfli əməkdaşlıqda qazanılan uğurlar  dövlət başçılarının siyasi iradəsindən qaynaqlanır, məhz bu mühüm amil strateji  tərəfdaşlığı daha da möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya yüksək səviyyədə keçən işgüzar səfəri də bu münasibətlərin daha da inkişafına yeni stimul verir. Prezidentlərin görüşündə gələn il iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin olacağını xatırladan cənab Vladimir Putin bildirib ki, ölkələrimiz  arasında əməkdaşlıq istiqamətləri çoxdur və bu sahədə hökumətlərarası komissiya fəal işləyir. Yaxın vaxtlarda Azərbaycana böyük nümayəndə heyəti göndərməyi planlaşdırırıq. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün sahələr üzrə ilbəil inkişaf edir. Hazırda Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər. Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan-Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir. Ölkələrimiz nəqliyyat-tranzit münasibətləri sahəsində də əməkdaşlığı ardıcıl və davamlı olaraq genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki illə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Koronavirusa qarşı mübarizədə Azərbaycan Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini alıb və bu vaksinin yenə göndərilməsi nəzərdə tutulur.

Prezidentlərin görüşündə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev həmrəylik və birlik bayramı olan Qurban bayramı münasibətilə Rusiyanın bütün müsəlmanlarını təbrik edib. Regionda münaqişədən sonrakı vəziyyətə toxunan cənab İlham Əliyev çox vacib və həssas məsələlərin həllində cənab Putinin vəziyyətin sabitləşdirilməsi işində mühüm rol oynadığını vurğulayıb: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında dialoqun təşkili üzrə fəaliyyəti uğurla aparılır. Eyni zamanda, Moskva Avropa ölkələrinin Qafqazda sülh həllinə imkan yaradan hazırlığını alqışlayır: “Əgər vasitəçilik səyləri sülh, sabitlik, proqnozlaşdırmaya gətirirsə və mövcud razılıqların implementasiyasına yardım edirsə, o zaman onları alqışlamaq olar”. Ümumilikdə bu istiqamətdə iş pis getmir, - deyən Peskov Aİ ölkələrinin Rusiya-Ermənistan-Azərbaycan danışıqlar formatına daxil olmaq arzusu və Rusiyanın mövqeyinə dair suala cavabında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, RF Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə daim təmasdadır və Moskvanın səyləri öncə əldə olunan üçtərəfli razılıqların icrasına yönəlib.

Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfərinin müsbət nəticələri, qarşılıqlı fəaliyyətin və regional problemlərin müzakirəsi zamanı səslənən fikirlər bir daha təsdiq edir ki, 2020-ci 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələrin regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmaması əbəsdir və belə cəhdlər heç bir nəticə verməyəcəkdir.

Şükür ƏLİZADƏ,

“Respublika”.