MÜSTƏQİLLİYİ QORUYUB SAXLAMAQ ONU QAZANMAQDAN DA ÇƏTİNDİR
Siyasət

MÜSTƏQİLLİYİ QORUYUB SAXLAMAQ ONU QAZANMAQDAN DA ÇƏTİNDİR

Müstəqillik bütün xalqlar üçün ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, bu yolda minlərlə şəhid vermişik. Qüdrətli və möhkəm dövlət olmaq üçün hökmən azadlıq və müstəqilliyin olması əsas şərtdir.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Başına gələn bütün bəlalara dözən, hər bir sınaqdan üzüağ çıxan Azərbaycan bu günə qədər iki dəfə müstəqillik əldə etmək şansı qazanmışdır. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə müstəqil olma şansı bir də 70 il sonra yarandı. Daha dəqiq desək, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı yaratdı. Nəhayət, 1991-ci il oktyabrın18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.

Müstəqilliyini elan edən Azərbaycan Respublikası çox mürəkkəb bir dövr keçdi. Onun müstəqilliyini ilk dəfə olaraq bugünkü gündə də daim yanımızda olmaqla qardaşlığını sübut edən Türkiyə tanımışdır. 1991-ci il 9 noyabrda Azərbaycan Respublikasının dövlət müstəqilliyini rəsmən tanıyan qardaş Türkiyə bu günə kimi həmişə Azərbaycan xalqının yanında olmuşdur. Daha sonra Rumıniya, Pakistan, İsveçrə, İran, Rusiya və başqa dövlətlər də müstəqilliyimizi tanıdılar. Lakin müstəqilliyini qazandıqdan iki il sonra yenidən onu itirmək təhlükəsi ilə qarşılaşan xalqımız həyəcanlı günlər keçirdi. Bir tərəfdən erməni təcavüzkarlarının hücumu, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yürütdükləri səhv siyasət, daxildə gedən çəkişmələr müstəqilliyimizin beşiyindəcə boğulması təhlükəsini yaxınlaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidi ilə qayıtması bu təhlükəni yox etdi.

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşməsində tarixi şəxsiyyətlərin danılmaz rolu vardır. Lakin elə dühalar vardır ki, bəşəriyyət onları bütöv bir tarix, salnamə yazmaq üçün dünyaya gətirir. Məhz belə dühalardan olan ulu öndər Heydər Əliyev xalqı üçün tarix yazan bir şəxsiyyət olmuşdur. Onun Azərbaycan xalqının tarixində ölçüyəgəlməz, misilsiz xidmətləri bütün dünya xalqlarına bəllidir.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə gəlişinin nəticəsidir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və milli dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirirdi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaranmışdır. Bununla yanaşı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımların atılması nəticəsində 1994-cü ildə ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi-siyasi, ədəbi-mədəni əlaqələri genişləndirmiş, bu sahədə gərgin fəaliyyət göstərmişdir. O, türk dünyasının ən nüfuzlu şəxsiyyətlərindən biri kimi bütün dünyada tanınırdı.

Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm bir yüksəliş nümayiş etdirir. Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təsir edən amillərdən biri də onun dinamik inkişafıdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, eləcə də gələcək uğurlarımızın həlledici əsasıdır. Tarixin amansız sınaqlarına dözə bilməyərək dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olan həmyerlilərimizin birlik və həmrəylik əldə etməsi uğrunda müstəsna xidmətlər göstərmişdir.

Tarixin çətin sınağı qarşısında aciz qalan bir xalqı həmin sınaqdan üzüağ çıxara biləcək ən vacib amil o xalqın bu şəraitdə inana biləcəyi bir şəxsiyyətin olmasıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz şəhidlərimizin qisasını aldı.

Təbii ki, bu yolda biz tək deyildik. İllər, əsrlər ötsə də daima Azərbaycan xalqının yanında olan qardaş Türkiyə bu gün də yanımızda oldu. İstər mənəvi dəstəyi, istərsə də hər an döyüşə hazır olan əsgərləri və texnikası ilə bizə dəstək oldu. Dilimiz, dinimiz və kimliyimiz bir olan türk xalqı bizə nə qədər yaxın olduğunu bir daha sübut etdi.

Bu gün Azərbaycan müstəqildir, dünya dövlətləri sırasında qürurla öz inkişafını nümayiş etdirir. XX yüzillikdə qazandığımız ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Hazırda hakimiyyətdə olan ulu öndərimizin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Çünki müstəqilliyimizin taleyini müəyyənləşdirən əsas amillər qorunur, inkişaf etdirilir. Hazırkı dövrdə dövlətçilik ənənələrinin qorunmasına, möhkəmlənməsinə, iqtisadiyyatın inkişaf etdirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.

Bəli, tarix boyu Azərbaycan ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxmışdır. Bu gün də Qarabağ müharibəsində düşmənə endirdiyimiz "dəmir yumruq" buna əyani sübutdur. Ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti xalqın özünə olan inamını geri qaytardı. Şübhə yoxdur ki, torpaqlarını işğaldan azad etmiş xalqımız bundan sonra müstəqilliyini daha da möhkəmləndirəcək, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparacaq, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam edəcəkdir.

Pərviz BABAYEV,

Bakı şəhəri Nəsimi rayonu

İcra şöbəsinin icra məmuru,

I dərəcəli ədliyyə qulluqçusu.