Cənubi Qafqazda sabitliyə, dayanıqlı sülhə nail olunmalıdır
Siyasət

Cənubi Qafqazda sabitliyə, dayanıqlı sülhə nail olunmalıdır

Azərbaycanla Türkiyə normallaşma prosesinə birgə  yanaşma nümayiş etdirir

"Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir". Bu fikirləri Prezident İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni bir mərhələnin başlanmasının əsasını qoydu. Rəsmi Ankara İkinci Qarabağ savaşında ölkəmizin qələbə qazanmasında əsas rol oynadı. Türkiyənin Cənubi Qafqazdakı rolu, gələcək strategiyada Gürcüstanla əlaqələri, Azərbaycanla siyasi-hərbi ittifaqı və bu istiqamətdən Mərkəzi Asiyaya açılması yeni bir siyasi nizamı formalaşdıracaq. Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: "Türkiyənin siyasəti regional təhlükəsizliyi və sabitliyi, inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir".

Üçtərəfli Bəyanat və Ermənistanla mümkün əlaqələrin normallaşması Ankaranın da bu regionda aktiv iqtisadi gücünü stimullaşdıracaq. Türkiyənin inkişafı, sabitliyi ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində də önəmli rol oynayır. Ölkəmiz bir çox əhəmiyyətli enerji layihələrini Türkiyə ilə bərabər icra edir və bu layihələr dünya üçün önəmlidir. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində də mühüm addımlar atır. Politoloqlar qeyd edirlər ki, Türkiyə altılıq sülh və əməkdaşlıq iqtisadi formatını ortaya qoyur. Rusiya isə burada Ermənistan və Azərbaycanla mümkün əlaqələrin qurulmasına mane olur.

Göründüyü kimi, Türkiyənin təklif etdiyi format və siyasət regionda qəbul edilir. Bu gün Ermənistan da Türkiyə ilə əlaqələrdə maraqlıdır. Ümumiyyətlə, region Türkiyə üçün daha da açıq və qəbulediləndir. Bu isə belə deməyə əsas verir ki, qardaş ölkə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır, bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərir. Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistanın işğalından azad edib. Haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edir. Türkiyə və Azərbaycan Qarabağ müharibəsindən sonra Ermənistana müsbət təkliflər göndəriblər. Bakının Yerevanla sülh sazişinin imzalanmasına dair çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu, həm də Türkiyə və Azərbaycanın məsələyə birgə yanaşmasını nümayiş etdirir.

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə mövcud münasibətlərini rəsmiləşdirdi və bunu Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdı. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca genişdir və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qətiyyətini ifadə edir. Şuşa Bəyannaməsinin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Türkiyədə keçirilən prezident seçkiləri, təbii ki, qardaş Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən böyük diqqət və maraqla izlənilirdi. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur. İki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Təkcə regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisə idi. Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi gözlənilən idi. Çünki Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olub. Bundan başqa, Türkiyənin artıq dünyanın ehtiyac duyduğu və etiraf etdiyi müdafiə sənayesi, avtomobil istehsalı sahəsində əldə etdiyi böyük nailiyyətlər də məhz Ərdoğanın adı ilə bağlıdır.

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Prezident İlham Əliyev deyib: "Bildiyiniz kimi, Prezident Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana edibdir. Bu, ənənədir. Mən də yenidən seçilərkən ilk səfərimi Türkiyəyə etmişdim. Bundan əlavə, bildiyiniz kimi, mən Prezident Ərdoğanın inauqurasiya mərasimində iştirak etdim və orada da biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə, mən bütün məsələləri açıqlamaq istəməzdim, ancaq bu, məlumdur ki, qarşıdan gələn illərdə Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq".

Mustafa KAMAL,

"Respublika".