Pirsaat Su Anbarı ehtiyacı ödəyə bilər
Region

Pirsaat Su Anbarı ehtiyacı ödəyə bilər

Hacıqabul rayonunun bərəkətli torpaqları var. Bu torpaqların bir qismi vaxtilə Salyan rayonunun ərazisində olmuş, uzaq məsafədə yerləşdiyindən bir növ gözdəniraq hesab edilmişdir. Pirsaatçaydan yığılan suyun hesabına ərazidə Pirsaat Su Anbarı inşa edilmişdir. Anbarın həcmi kiçik olduğundan bura yığılan su əkinlərin suya olan tələbatını ödəməmişdir.

Mütəxəssislər müxtəlif vaxtlarda Pirsaat Su Anbarının uzun illər ərzində toplanmış lil-qum çöküntülərindən təmizlənərək layihədə nəzərdə tutulmuş dərinlikləri, su həcmini bərpa etmək məqsədilə bir sıra kompleks tədbirlərin həyata keçirilməsini təklif etmiş və müəyyən nəticələrə nail olmuşlar. Buna baxmayaraq, Pirsaat Su Anbarı indi də suya olan ehtiyacı ödəmir. Uzun illər Hacıqabul rayonunda rəhbər vəzifələrdə çalışmış, rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov deyir:

- Pirsaatçay dərəsində yerləşən su anbarı 1964-cü ildə istismara verilib. Onun suyu ilə Qubalı Baloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərinin əkin sahələri suvarılır. Layihə üzrə su anbarının tam həcmi 16.9 milyon kubmetr olduğu halda, hazırda yatağın təxminən 70-75 faizi lilləndiyindən anbarda cəmi 3-4 milyon kubmetr su toplana bilir ki, bu da kənd təsərrüfatını su ilə tam təmin edə bilmir. Pirsaatçay ildə təxminən 290 min ton qırıntı materialı nəql edir ki, daşqınlı dövrdə bu kəmiyyət dəfələrlə artır. Digər tərəfdən, anbarın yerləşdiyi ərazilərdə arid iqlim şəraiti hökm sürdüyünə görə anbardakı su yüksək buxarlanmaya məruz qalır ki, bu səbəbdən də itən suların miqdarı artır.

Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi Mafisət Cəfərov isə mövzu ilə əlaqədar bunları bildirir:

- Pirsaat çayı İsmayıllı, Şamaxı və Salyan rayonlarının ərazisindən axır. Uzunluğu 199 kilometrdir. Mənbəyini Baş Qafqaz silsiləsinin cənub yamacının şərq qurtaracağından, 2440 metr hündürlükdən götürür. Uzun illər ərzində toplanmış lil-qum çöküntülərindən təmizlənərək layihədə nəzərdə tutulmuş dərinlikləri, yəni su həcmini bərpa etmək məqsədilə bir sıra kompleks tədbirlərin həyata keçirilməsini təklif edirik.

Rəis əlavə etdi ki, Pirsaat Su Anbarı adıçəkilən kəndlərdə suvarma suyuna olan tələbatı ödəyə bilər. Bundan ötrü xüsusi lil sovuran nasoslarla anbar yatağının qum və lillərdən azad edilməsi birinci növbədə vacib şərtdir. Çayın anbara daxil olduğu yerdən bir neçə yüz metr yuxarıda çay yatağında 2 kiçikölçülü sudurulducu hovuzun tikilməsi, su anbarının yatağının yuxarı hissələrində cəngəllik kimi formalaşan qamış və s. kimi bitkilərdən anbarın azad edilməsi, hövzəsinin yuxarı hissələrində sudan istifadənin inteqrasiyalı idarə olunması kimi vacib tədbirlər həyata keçirilsə, anbardan bütün yay mövsümü boyu istifadə etmək mümkündür.

7,4 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etməli olan Pirsaat Su Anbarının normal vəziyyətə gətirilməsi günün vacib məsələsidir. Təkcə belə bir fakt təəssüf doğurur: hər il 2550 hektarda taxıl əkini aparan Navahı fermerləri sahənin yalnız 700 hektarını suvara bilmək imkanı əldə edirlər.

Yeri gəlmişkən deyək ki, öz "Sarı buğdası" ilə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmış Navahı, Qubalı Baloğlan, Rəncbər, Qızılburun və Atbulaq kəndləri öz taxıl zəmilərini Pirsaat anbarından gələn su ilə suvarırlar.

Tofiq HÜSEYN,

"Respublika".