Qəhrəmanlıq dastanı
Sosial həyat

Qəhrəmanlıq dastanı

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanmış Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarından olan Sevindik Ramil oğlu İsmayılzadənin noyabr ayının 30-u doğum günü idi.

Sevindik İsmayılzadə 1998-ci ildə Saatlı rayonunun Qaranuru kəndində məcburi köçkünlər üçün salınmış 2 saylı çadır şəhərciyində dünyaya gəlmişdi. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Sevindik 2005-ci ildə Qaradağ rayon Əliheydər Kazımov adına 228 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, burada üç il oxuduqdan sonra, Füzuli rayon 49 saylı orta məktəbdə təhsilini davam etdirib 9-cu sinfi başa vurmuşdu. 2014-cü ildə ailə vəziyyəti ilə bağlı Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Cəbrayıl qəsəbəsinə köçmüşdü.

Sevindik İsmayılzadə gözəl idmançı idi. İdmanın bir çox növləri ilə məşğul olmuş və nailiyyətlər qazanmışdı. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət göstərdiyi dövrdə Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu uğurla başa vurmuşdu. Sonrakı illərdə Cəbrayıl rayon peşə məktəbində təhsil almışdı.

İkinci Qarabağ savaşı başlayan zaman Sevindik yenidən hərbi komissarlığa çağrıldı. Ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də Sevindik təkidlə onu cəbhə bölgəsinə, həm də Cəbrayıla döyüşməyə aparılmasını komissarlıqdan israrla xahiş etdi. Vətəni yağı düşməndən azad etmək ən böyük arzusu idi. Sevindiyin bu cür vətənpərvər olduğunu görən komissarlıq onun istəyinə müsbət cavab verdi.

19 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhadət zirvəsinə yüksələn igid əsgər Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə İsmayılzadə Sevindik Ramil oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tofiq HÜSEYN,

"Respublika".