Qərb ölkələri və təşkilatları erməni korrupsiyasından təmizlənməlidir
Siyasət

Qərb ölkələri və təşkilatları erməni korrupsiyasından təmizlənməlidir

Ermənistanın Türk dünyasına qarşı yürütdüyü cinayətkar və yalanlarla dolu siyasətinin arxasında əsasən xaricdə yaşayıb fəaliyyət göstərən erməni lobbisi və icmaları dayanır. Qərbdəki beynəlxalq təşkilatların nümayəndələrini korrupsiya və "konyak diplomatiyası" ilə ələ keçirən ermənilər məkrli məqsədlərinə müəyyən qədər nail ola biliblər. Beynəlxalq təşkilatlarla yanaşı, bu icmaların korrupsiya mexanizmi Qərbin aparıcı ölkələrində də tüğyan edir. Xüsusilə Fransa və ABŞ XX əsrin 80-ci illərinin sonundan başlayaraq Azərbaycana qarşı aparılan işğalçılıq siyasətində dolayı və birbaşa yollarla Ermənistanı dəstəkləyib.

Ötən əsrin 90-cı illərin əvvəlində SSRİ-nin parçalanması ilə yaranan respublikalara Azərbaycan istisna olmaqla, Ermənistan, Belarus, Ukrayna, Gürcüstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Türkmənistan və Özbəkistana demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan "Azadlığın Müdafiə Aktı" və 907-ci əlavənin qəbul edilməsi ABŞ dövlətinin erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı apardığı ədalətsiz siyasətinin nəticəsi idi. Azərbaycana qarşı iqtisadi yardıma qadağa qoyan bu qərarda göstərilirdi ki, "Birləşmiş Ştatların Azərbaycana yardımı o vaxta qədər mümkün olmayacaq ki, ABŞ Prezidenti müəyyənləşdirib konqresə məlumat versin ki, Azərbaycan hökuməti bütün blokadaları, həmçinin Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücündən istifadəsini dayandırmaq üçün əməli iş görür". Qəbul edilən bu əlavədən açıq-aydın görünürdü ki, ABŞ dövləti işğalçı Ermənistanı birmənalı şəkildə dəstəkləyir.

Anti-Azərbaycan siyasətinin Qərbdəki mərkəzlərindən biri də Fransa dövlətidir. Ermənilərin bu ölkədə təsir dairələri o qədər genişdir ki, hətta prezident seçkilərinə belə təsir edə bilirlər. Fransanın "Mond", "Fiqaro" qəzetləri və bir sıra yerli telekanalları Azərbaycan əleyhinə təbliğatlar aparır.

Ermənilərin 1992-ci il fevralın 26-da törətdikləri Xocalı qoyqırımına beynəlxalq təşkilatlar hələ də ədalətli qiymət vermirlər. Bunun əksinə olaraq saxta "erməni soyqırımı"nı tanıtmaqdan ötrü xüsusi canfəşanlıqla əllərindən gələni edirlər. 2015-ci ildə Avropa Parlamenti "Dünyada insan haqları və demokratiya" adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar müraciət etmişdir. Bütün bu faktlar onu göstərir ki, qərbdə anti-Azərbaycan, anti-Türkiyə meyillləri güclüdür. Saxta erməni soyqırımından fərqli olaraq, Xocalı soyqırımı real faktlara əsaslansa da Qərb təşkilatları bu hadisələrə heç bir zaman düzgün yanaşmadı. Xocalı hadisələrinin yaxın keçmişdə olması, hadisə şahidlərinin, xüsusilə də insanların hələ də erməni əsirliyində qalması və videogörüntülər bütün bu hadisələrə düzgün qiymət vermək üçün real faktlardır. Lakin Qərbin gözü kordur və zülmə məruz qalan azərbaycanlıların bu faciəsini görmür, tanımır.

Korrupsiya, qiymətli hədiyyələr, "konyak diplomatiyası" ilə xarici deputatların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin "ələ keçirilməsi" Ermənistan xarici siyasətinin əsas prinsiplərindəndir. Hələ illər öncə, ukraynalı deputat Avropa Şurası Parlament Assambleyasında "Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə" hesabatın müəllifi Vladimir Aryevi də ermənilər konyakla satın almaq istəyiblər. O, özünün "Facebook" səhifəsində olanları belə izah edib: "AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim...". Vladimir Aryev ermənilərin bu təklifinə məhəl qoymasa da, ancaq bir çox nümayəndənin belə təkliflər qarşısında fikirlərini dəyişməsini çıxarılan qətnamələrdən aydın görmək olar. AŞPA-da bəzi deputatların qanunsuz işlərlə məşğul olması istisna deyil. Aryevin sözlərinə görə, erməni deputatlar 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıblar. Vladimir Aryev bu təklifləri geri çevirdikdən sonra ona qarşı ittihamlar və böhtanlar başlayıb. Belə ki, onun milliyyətcə azərbaycanlı olduğunu deyiblər.

Uzun illər Ermənistanın Sarkisyan kriminal rejimi tərəfindən idarə olunarkən parlament və prezident seçkilərini saxtalaşdırmasına AŞPA göz yumub, bunu heç vaxt qınaq obyektinə çevirməyib və bu seçkilərə müsbət qiymət verib. Dövlət başçısı İlham Əliyev illər öncə bu məsələ haqqında belə deyib: "...Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdır...".

Ermənistanın "konyak diplomatiyası"nın əsas gəlir mənbəyini kriminal pullar təşkil edir. Belə vasitələrlə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, bir sıra Qərb ölkələri Azərbaycana qarşı təxribatlar aparır.

Musa BAĞIRLI,

"Respublika".