Quba rayonunun Zizik bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Region

Quba rayonunun Zizik bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Quba rayonunun Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Mahir Bayramovun qulluq mövqeyindən istifadə edərək vətəndaşa rayonun Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə kömək edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq etdiyi, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik etdiyi müəyyənləşdirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC