Quba:  Toxum sərgi-satış yarmarkası
Region

Quba:  Toxum sərgi-satış yarmarkası

Respublikamızın müxtəlif rayonlarında keçirilən ənənəvi toxum sərgi-satış yarmarkası bu dəfə Qubada təşkil olunub. Şəhərin Nizami parkında baş tutan yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu,  Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak etmişlər.

Yarmarkanın rəsmi hissəsində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bugünkü yarmarka təkcə rayonumuzun fermerləri üçün deyil, o cümlədən ətraf bölgədən olan təsərrüfatçılar üçün də keyfiyyətli toxum almaq üçün böyük fürsətdir.  Məhsuldarlığı artırmaq üçün fermerlər ilk növbədə keyfiyyətli toxuma üstünlük verməlidirlər.

Tədbirdə çıxış edən  Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, toxumçuluğun  inkişafına da daim diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qubada təşkil edilən sayca 3-cü yarmarkada 20-dən çox taxıl toxumu istehsal edən fermer iştirak edir. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd  aqrar sahədə potensialı və imkanları öyrənmək, toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarətdir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir.

Yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb. Sonda tədbir iştirakçılarına Quba Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivlərinin rəngarəng konsert proqramı təqdim olunmuşdur.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.