Qubada tibbi aksiya
Region

Qubada tibbi aksiya

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Quba Rayon İcra Hakimiyyətinin, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Quba Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı və təşəbbüsü ilə Quba Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilmişdir. Aksiya zamanı qeyd edilən həssas kateqoriyalardan olan 150-dən çox vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçmişdir.

Onlara həmçinin  EKQ (elektrokardioqrama) və ExoKQ (exokardioqrama) müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilmiş, patologiya aşkar olunan şəxslər isə digər ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilib. Keçirilən aksiya müvəffəqiyyətlə başa çatmış, yerli əhali tərəfindən yüksək məmnunluq hissi ilə qarşılanmışdır.

Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri və qazilər onlara hərtərəfli dəstək göstərildiyinə, daimi qayğı və diqqətə görə ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını ifadə etmişlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.