Qürurla anırıq: Gültəkin Əsgərova
Sosial həyat

Qürurla anırıq: Gültəkin Əsgərova

Vətənimizin qəhrəman övladları Qarabağ uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalmışlar. XX əsrin 90-cı illərində Vətənin oğul və qızları torpaq uğrunda ölüm-dirim savaşına qalxaraq bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün əbədiyyətə qovuşdular.

Vətənin taleyi təhlükədə olanda, ərazilərimizə yad əllər uzananda yurdun müdafiəsinə  qalxanlardan biri də adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Gültəkin Məlik qızı Əsgərova oldu.

Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində dünyaya göz açmışdır. Lap kiçik yaşlarından qəlbində Vətən sevgisi var idi. Gültəkin Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirdi.

O, 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə  daxil olmuş və ali təhsilini 1989-cu ildə başa vurmuşdur. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi Hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləmişdir. Ali məktəbi bitirdikdən sonra isə Təcili Yardım Stansiyasında çalışmış, daha sonra isə xəstəxanaların birində anestezioloq-reanimotoloq işləmişdir.

Qarabağ hadisələri başlayanda Gültəkin tibb işçisi kimi cəbhə bölgələrinə üz tutdu, 4 aprel 1992-ci ildə könüllü olaraq odlu səngərlərə yollandı. O, əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərdi. Gültəkin Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak etdi. Onu əsgər və zabitlər özlərinə bacı bilir,  yaralılar şəfalı əlləri sayəsində işıqlı həyata qayıdırdı.

Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak oldu, öz ölümü ilə ölümsüzlüyə qovuşdu. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı Fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Təhsil aldığı 200 saylı orta məktəbə Gültəkin Əsgərovanın adı verilmiş, Nərimanov rayonunda büstü qoyulmuşdur. Həmçinin Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Nərimanov rayonundakı xəstəxananın önündə Gültəkin Əsgərovanın büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.