Siyasət

"Ruhlar şəhəri"nin həyata yenidən qayıdışı

Ağdam rayonunun əsası 1930-cu ildə qoyulub. Rayonun adı qədim türk dilində "kiçik qala" mənasını verir. Uzaq keçmişdə bu ərazidə məskunlaşmış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar tikirdilər. Ərazidə mövcud olan tarixi abidələr Azərbaycan tarixinin öyrənilməsinə də öz töhfəsini vermişdir. Bu baxımdan, Üzərliktəpə, Govurqala, Cümə məscidi, Şahbulaq məscidi və s. mühüm əhəmiyyət kəsb edir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı.

1993-cü il 23 iyul… Ağdamın başının üstünü qara buludlar aldı. Ermənistan silahlı qüvvələri rayonun böyük bir hissəsini işğal etdi. Erməni işğalı nəticəsində rayon demək olar ki, xarabalığa çevrilmişdir. Digər rayonlarımızda erməni vəhşiliyini əks etdirən hansı mənzərə ilə qarşılaşmışdıqsa, Ağdamda da eynisini görmək mümkündür. Bu rayon əbəs yerə "Qafqazın Xirosiması" adlandırılmır. Mənfur ermənilərin islamofobiya düşüncələri məscidlərimizin, qəbiristanlıqlarımızın darmadağın edilməsi ilə nəticələnmişdir. Hətta onlar məscidlərimizi tövlə edib, məzarlardakı ölülərimizə belə rahat yatmağa imkan verməmişlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan daim Ermənistanı işğala son qoymağa, sülhə səsləmişdir. Amma alçaq Ermənistan sözlə başa düşmədiyindən biz onlara gücümüzü hərbi üstünlüyümüzlə göstərdik. Dövlətimizin 44 günlük Vətən müharibəsindəki qələbə bütün bunların təzahürüdür. Sentyabrın 27-dən etibarən başlayan hərbi əməliyyatlarda da Ali Baş Komandanımız dəfələrlə düşmənə ərazilərimizi tərk etməsi üçün xəbərdarlıq etdi. Lakin Ermənistanın siyasi və hərbi rəhbərliyi bu döyüşlərin onlar üçün yaranacaq ağır nəticələrinə məhəl qoymayaraq təxribatlarını həyata keçirirdi.

Beləliklə, Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan ölkə başçımız bizə tarixi qələbə qazandırdı. Prezident İlham Əliyevin "Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir", - deyə səsləndirdiyi fikirlər ağdamlıların yurd eşqi ilə alışıb yanan ürəyinə su səpdi. Prezident İlham Əliyevin bu çıxışı bir daha dövlətimizin qüdrətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İlham Əliyevin məhz bu məsciddə namaz qılması onun dininə, tarixinə sadiqliyini nümayiş etdirdi. Ölkə başçımızın Ağdam rayonuna qalib kimi qayıtması və paşinyanların siçan kimi gizlənməsi bir daha Ermənistanın heç bir cəhətdən Azərbaycanla müqayisə edilə bilməyəcəyini göstərdi.

Əgər Qarabağ Ermənistanın ərazisi idisə, niyə bu illər ərzində burada heç bir quruculuq işləri həyata keçirilməyib? Niyə ərazilərin abadlaşdırılması sahəsində heç bir addım atılmayıb? Çünki Ermənistan öz saxtakarlığına bələddir. Necə deyərlər, özgə atına minən tez düşər… Ermənilər yaxşı bilirdi ki, bir gün haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz əbədi torpağına qovuşacaqdır. Qalib ölkənin başçısı İlham Əliyev Ermənistanın cinayətlərini bir daha ifşa etmişdir: "Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib". Ağdamın düşmən tapdağından azad edilməsi "Ruhlar şəhəri"ndə ruhların şad olması deməkdir.

Xatırladaq ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başlamışdır. Çünki bu rayon Qarabağın giriş qapısı hesab olunur. Ermənilərin vəhşiliyi burada heç bir həyat əlaməti saxlamamış, şəhər səhralığa çevrilmişdir. Bu gün isə Ağdama yeni həyat qayıdıb.

Nəzrin ELDARQIZI,

"Respublika".