Sakinlərin rahat həyat şəraiti təmin edilir
Region

Sakinlərin rahat həyat şəraiti təmin edilir

Müharibə.  Bu adi sözün yükü çox ağırdır,  arxasında böyük bəlalar dayanır, o cümlədən  dağıntılar,  insan itkiləri,  faciələr,  yaralılar,  itkin düşənlər,  yetim qalan uşaqlar, yarımçıq qalan talelər, gözü yaşlı adamlar…Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətlər, amansız müharibə cəmiyyətə bu sağalmaz yaraları vurub. Bəşər övladının ən böyük arzularından biri ev tikmək, yuva qurmaq, ocaq yandırmaq, ailə sahibi olmaq, firavan həyat yaşamaq olub.  Təəssüf ki,  ermənilər bu bəşəri hisslərdən məhrum olublar,  onların kirli niyyəti ev yıxmaq,  adam öldürmək, yandırmaq, dağıtmaq, terror törətmək,  azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə aparmaq olub. Vətən müharibəsində erməni hərbçiləri döyüş meydanında biabırçı şəkildə uduzanda Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutaraq qanlı cinayət törətdilər, yüzlərlə insan həlak oldu, minlərlə ev dağıdıldı.

2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ən çox ziyan çəkmiş ərazilərdən biri də Ağdam rayonudur.  Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrində 32 ev və 6 qeyri-yaşayış obyekti dağılıb,  1750-dən çox tikiliyə zərər dəyib.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, dövlət başçısının tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlər nəticəsində 1450-dən çox tikili təmir-bərpa olunub,  27 ev və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.  Hazırda 5 evin tikintisi bitmək üzrədir.  300 tikilinin təmir-bərpası işləri isə davam etdirilir.  Yaxın müddətdə Ağdam rayonu ərazisində də tikinti və təmir-bərpa işləri tam yekunlaşacaq.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri müsbət qiymətləndirir, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.  Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Qaradağlı kənd sakini Cahid Rüstəmov deyir:

--Düşmənin artilleriya atəşi zamanı mərmilərdən biri də mənim evimə düşmüşdü.  Mənim evim də,  yaxınlıqdakı bacımın evi də dağılmışdı. Prezidentimiz,  dövlətimiz sağ olsun.  Dağılmış evimizin yerində iki otaq,  mətbəx və sanitar qovşaqdan ibarət yeni gözəl ev tikilib.  Ev istilik sistemi ilə təmin olunub.  Buna görə Prezidentimizə minnətdarlığımı bildirirəm.

Digər sakin Sarı Allahverdiyev isə deyir:

-Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün düşmüşük.  Alıbəyli-1 qəsəbəsində yaşayırıq. Vətən müharibəsində bizim qəsəbəmiz də düşmənin artilleriya atəşinə məruz qaldı.  Ötən il oktyabrın 1-dən 2-nə keçən gecə mərmilərdən biri də bizim evə düşərək iki otağı dağıtdı. Naümid qalmadıq, dövlətimizə güvəndik,  komissiya gələrək araşdırdı və evimiz yüksək səviyyədə bərpa edildi. Bax,  həmin ağır günlərdə, heç bir ağdamlı evini tərk etmədi, Prezidentimizə, ordumuza inandıq, həmrəylik nümayiş etdirdik. Vətən müharibəsində qazanılan şanlı qələbə dağılan evlərimizə də, mal- mülkümüzə dəyən ziyana da darılmadıq.

Yeri gəlmişkən qeyd edək ki,  Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib.  Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.  Artıq 11 min 750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşıb.  Digər tikililər üzrə görülən işlərin də qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi,  həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr səfərbər  olunub.

Yeni evlərə köçən sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Müasir və rahat evlərdə yenidən gülüş səsləri ucalır, təzə-tər arzular baş qaldırır, saf niyyətlər yaranır. Bir sözlə, müharibənin gətirdiyi dağıntılar və yaralar sağalır, bu yerlərdə əmin-amanlıq hökm sürür.

                                                           Salman ALIOĞLU,

                                                             “Respublika”.