Səmimi münasibət, davamlı qayğı
Region

Səmimi münasibət, davamlı qayğı

Diqqət, qayğı, səmimi münasibət, xoş söz, doğmalıq hər bir insana mənəvi güc və həyat eşqi bəxş edir. Mənəviyyata güclü təsir göstərən bu yüksək dəyərlər daha çox şəhid ailələri, müharibə əlilləri üçün, sözün əsl mənasında, bir məlhəmə çevrilir və onlara layiqli xidmət göstərilməsi isə, təbii ki, dərin məmnunluq yaradır.

Vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması yerli məmurların qarşısında duran ən ümdə vəzifələrdən biridir. Uzun illərdir ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində dayanıqlı və davamlı tədbirlər həyata keçirilir. Hər bir vətəndaşın Prezidenti olan dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin və siyasətinin mərkəzində insan amili dayanır. Prezidentin tövsiyə və tapşırıqları Füzuli rayonunda da uğurla yerinə yetirilir, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin həll olunması, məşğulluğunun təmin edilməsi hər zaman diqqətdə saxlanılır.

Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda fəaliyyət göstərən bir qrup sahibkar və iş adamı təşəbbüslə çıxış edib, şəhid ailələrinin, qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun artırılmasına öz töhfələrini vermək istəklərini bildirərək rayon icra hakimiyyətinin başçısı Alı Alıyevə müraciət ediblər. Müraciətə uyğun olaraq şəhid ailələrinin, qazilərin könüllülük prinsipi əsasında işlə təmin olunmaları üçün rayon icra hakimiyyətində görüş keçirilib, sahibkarlar və iş adamları ilə şəhid ailələri, qazilər arasında müvafiq müqavilələr imzalanılıb. İmzalanan müqavilələr əsasında Füzuli rayonu ərazisində yaşayan 8 şəhid ailəsi üzvü və 14 Vətən müharibəsi qazisi işlə təmin olunub. Özəl sektorun nümayəndələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

"Respublika".