Səudiyyə Ərəbistanı Krallığı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib
Sosial həyat

Səudiyyə Ərəbistanı Krallığı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 11-də nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.

Qonaqlar əvvəlcə "Qarabağın hava qapısı" hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub. Onlara ən müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olub. Aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin "Böyük qayıdış"a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılıb.

Yolboyu nümayəndə heyətinin üzvləri erməni qəsbkarları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.

Daha sonra nümayəndə heyəti İkinci Qarabağ müharibəsində Qələbəmizin rəmzlərindən biri hesab edilən rəşadətli Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi "Zəfər yolu" ilə tanış olaraq Şuşaya səfər edib.

Qonaqlarla görüşən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağın incisi Şuşa şəhərində dövlətimizin tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, müstəsna mənəvi, tarixi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşılmış, qısa zaman ərzində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı memarlıq abidələrin bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə dünya şöhrətli xadimlərin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün ümummilli lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində qorunub saxlanmış büstlərini ziyarət ediblər.

Daha sonra Cıdır düzünü ziyarət edən qonaqlara füsunkar mənzərəyə malik ərazinin şuşalıların və bu şəhərə təşrif buyuran qonaqların sevimli məkanı, eləcə də UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş çövkən oyunları, Novruz bayramı və digər el şənliklərinin keçirildiyi seyrəngah olduğu bildirilib.

Nümayəndə heyəti, həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Molla Pənah Vaqifin məqbərəsini, eləcə də tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeyini ziyarət ediblər.

Qonaqlara mayın 12-14-də Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalının keçiriləcəyi bildirilməklə 1989-1991-ci illərin mayında bu şəhərdə keçirilmiş və beynəlxalq status almış musiqi festivalının 30 illik fasilədən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edildiyi diqqətə çatdırılıb.

Səfərdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.

AZƏRTAC