Sosialyönümlü siyasətin uğurları vətəndaş məmnunluğuna xidmət edir
Sosial həyat

Sosialyönümlü siyasətin uğurları vətəndaş məmnunluğuna xidmət edir

Ötən ilin fevralında “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 16 ildə bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfə artmışdır. Ötən müddətdə 2,3 milyon yeni iş yeri yaradılıb, əhalinin 51 faizdən çoxu ictimai fəaldır. Qeyri-neft sektorunda işləyənlər 70 faizdən çoxdur.

Neftdən əldə edilmiş gəlirin düşünülmüş şəkildə və ədalətli bölünməsi nəticəsində yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüş, 2003-cü ildən bu günə qədər orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmış, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Uğurla həyata keçirilən məşğulluq strategiyası nəticəsində regionlarda fəaliyyətə başlayan sənaye zonalarında 9 mindən çox yeni iş yeri açılmışdır.

Ötən illər ərzində Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsini təmin edən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə, mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da böyük önəm daşıyıb. Yeni iş yerlərinin açılması və əhalinin məşğulluq probleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan yoxsulluğun azaldılmasına nail olan 18 ölkə sırasına daxil olub. Məhz bu sahədə qazanılan uğurlara görə ölkəmiz beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mükafata layiq görülüb.

Bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışarkən ölkə başçısı bütün bunların verilən tapşırıqların vaxtında icrasının nəticəsində mümkün olduğunu demişdir: “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır”.

Əhalinin işlə təminatının yüksək səviyyəyə çatdırılması, şübhəsiz ki, sosial müdafiənin ən yaxşı formasıdır. Məhz bu səbəbdən də əhalinin məşğulluğunun təmin edilməsi dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri sayılır. Təbii ki, əhalinin rifah halının və yaşayış səviyyəsinin yüksəlməsində, yeni iş yerlərinin yaradılmasında özəl sektor və sahibkarlığın inkişafı da mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi onların bizneslərini inkişaf etdirərək, yeni iş yerləri açmasına imkan yaradır. Məsələn, ölkə başçısının təşəbbüsü ilə yaradılan Sumqayıt Sənaye Parkında 4 müəssisənin açılması, “SOCAR Polymer” və azot gübrələri zavodlarının işə salınması, Sumqayıt Kimya-Sənaye Parkında 17 rezidentin fəaliyyət göstərməsi, Mingəçevir Yüngül Sənaye Parkının və digər müəssisələrin yaradılması sayəsində yüzlərlə insan işlə təmin olunub.

Haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə qurulması və genişləndirilməsi də müsbət nəticələr verir. Belə ki, “İşsizin DOSTu” proqramı çərçivəsində 2019-cu ilin əvvəlindən 38 min ödənişli ictimai iş yeri yaradılıb. Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınan əsasən həssas qruplardan olan 47 min işsiz və işaxtaran şəxsin “İşsizin DOSTu” proqramı çərçivəsində yaradılmış iş yerlərində haqqı ödənilən işlərlə təminatı həyata keçirilib. Belə iş yerləri ilkin peşə hazırlığı olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır.

Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, iqtisadi artım ölkəmizdə yeni iş yerlərinin yaradılmasına böyük töhfələr verib: “Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir”.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri- neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsinin yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.

Ölkə ərazisində 2021-ci ilin I rübü ərzində 2833 yeni müəssisə və təşkilat yaradılmışdır. 2021-ci il aprelin 1-nə olan vəziyyətə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 min nəfər və ya 2,6 faiz artaraq 1684,4 min nəfər olmuş, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 796,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 690,9 manat təşkil edib.

Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas əhali qruplarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradır. Əhalinin işlə təmin olunması məsələsi daim diqqət mərkəzindədir.

Sosial müdafiə sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi, monitorinqlərin təşkili, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozların hazırlanmasında Əmək bazarının publik hüquqi şəxs kimi rolu böyükdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları və nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.

Zümrüd QURBANQIZI,

“Respublika”.