Şücaət və mərdlik nümunəsi
Sosial həyat

Şücaət və mərdlik nümunəsi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda apardığı mübarizə əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan Xalid Gözəlovun və Amid İsmayılovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri hər iki  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdülər.

Xalid Həsən oğlu Gözəlov 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant  rütbəsi alıb.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Amid Eldar oğlu İsmayılov 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı. Amid İsmayılov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Amid İsmayılov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, bu döyüşlər zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamlarına əsasən Amid İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

                 Ərəstun   ABDULOV,        

            “Respublika”.