Terror, soyqırımı, işğalçılıq üzərində qurulmuş siyasət
Siyasət

Terror, soyqırımı, işğalçılıq üzərində qurulmuş siyasət

"Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən belə bir məlumat verildi ki, Fransa işğalı zamanı fransızlar torpağa 5 milyondan çox mina basdırıblar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, "bu, mənə eyni bizim üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz mənzərəni xatırladır. Ermənilər bir milyondan çox minanı işğal dövründə torpağa basdırmışdı. Və müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı müxtəlif bədən xəsarətləri alıb".

Fransanın və Ermənistanın oxşar terrorçu siyasəti real faktlara əsaslanır. Fransanın Əlcəzair xalqına və digər xalqlara qarşı törətdiyi soyqırımı cinayətlərinin, mina terrorunun eynisini Ermənistan Azərbaycan xalqına qarşı törədib. Fransa Əlcəzair xalqına qarşı bir əsrə yaxın zülm edib və onlara qarşı soyqırımı törətməklə, kifayətlənməyərək bu ölkənin torpağında mina "əkiblər". Azərbaycan Prezidenti müxtəlif xarici ölkələrə səfərləri zamanı Ermənistanın təxribatları, mina terroru, bu ölkənin sülh danışıqlarından qaçması kimi məsələlərlə bağlı mütəmadi olaraq məlumat verir. Bildirir ki, fransızların Əlcəzair xalqının başına gətirdiyi soyqırımı aktlarının eynisini ermənilər də Azərbaycan xalqının başına gətirib. Bu, bir daha təsdiq edir ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktlarının "ilhamvericisi" məhz Fransadır. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki Fransa daima ermənilərə dəstək verib, həmçinin dünyada qırmızı xəttlə adları qeyd edilən bir neçə erməni terror təşkilatı da məhz Parisdə, bu ölkənin təhlükəsizlik xidməti orqanları tərəfindən yaradılıb. 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılan "Orli qrupu" dünyanın müxtəlif hava limanlarında terror aktları həyata keçirib. "İntiharçılar eskadronu" 1981-ci ildə Parisdə yaradılıb. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak edib. Diplomatların oğurlanması ilə məşğul olan "Gənc ermənilər ittifaqı" təşkilatı 1990-cı ildə, "Erməni azadlıq hərəkatı" isə 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. Dünyada demokratik imic yaratmağa çalışan Fransa türklərin və azərbaycanlıların da ölümündə günahkardır.

Cinayətkarın və qurbanın yerini öz siyasi maraqları, məkrli planı naminə dəyişən Fransa Ermənistanın Qarabağdakı mina terrorunun, ekologiyaya vurduğu zərərin Əlcəzairdəki siyasəti ilə paralellik təşkil etdiyini təbii ki, yaxşı anlayır. Bununla belə, Fransa prezidentinin Ermənistanın lehinə olan açıqlamalar verməsi tarixi faktları ört-basdır edə bilməz. Əlcəzairdə Fransa terrorunun acı nəticələri, bu ağrılar muzeylərdə, abidələrdə əks olunub. Fransa İkinci Dünya müharibəsinin başa çatdığını qeyd etdiyi 8 may 1945-ci ildə bu dəfə öz azadlıqları üçün mitinqə çıxan əlcəzairlilərə divan tutub. 1945-ci ildə Əlcəzairin Setif şəhərində törədilən həmin qırğın zamanı 45 min əlcəzairli öldürülüb, həmçinin 5 000-ə yaxın insan həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzasına məhkum edilib. Daha bir faciə 1961-ci il oktyabrın 17-də baş verib. Həmin gün on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar Parisdə törədilən qətliamlarla eynilik təşkil edir. Hər iki halda, müqəssir tərəf gerçəkləşdirdiyi cinayətin məsuliyyətini boynuna almayıb.

Fransanın hər zaman humanizmə, tolerantlığa, ədalətə önəm verən ölkəmizə qarşı ermənipərəst mövqeyi ilə sərsəm fikirlər söyləməsi ikrah doğurur. 15 noyabr 2022-ci ildə Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Parisdə Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə etiraz olaraq aksiya keçirilib. Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət nümayiş etdirməyi tələb ediblər. Aksiya iştirakçıları Senatı Azərbaycana qərəzli münasibət sərgiləməkdə ittiham ediblər. Aksiya iştirakçıları fransalı senatorların Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli yanaşmalarına, eləcə də qətnamə təklifini irəli sürən beş senatorun yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini vurğulayıblar. İştirakçılar Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladıblar. Senat üzvlərinin belə düşünülməmiş addımının ciddi nəticələr doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransızları xoruza bənzədib. Bildirib ki, xoruz fransalıların milli simvoludur. Ona görə də onlar tez-tez xoruzlanırlar. Onlara çox da diqqət yetirmək lazım deyil.

Faktiki olaraq, "böyük bacısı" Fransa nə tökübsə, Ermənistan da onu dənləyib. Fransa öz "kiçik bacısına" mina terroru törətməyin dərsini keçib və Ermənistan da Azərbaycan torpaqlarında mina "əkib"... Fransanın Əlcəzair torpağında həyata keçirdiyi mina terrorunu Ermənistan Azərbaycan ərazilərində təkrarlayıb. Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər heç birinə beynəlxalq hüquqi qiymət verilməyib. Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bu da onların ikili standartlarının göstəricisi, ayrı-seçkiliyin təzahürüdür. Bu vandallar ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası basdırıb. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizdə də yeni basdırılmış minalar aşkarlanır.

Müharibə başa çatsa da, Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bununla işğalçı ölkə mülki vətəndaşlara və hərbçilərə qarşı cinayətlərini davam etdirir. Ermənistan tərəfi mina xəritələrini verməkdən boyun qaçırmaqla keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını əngəlləməyə və daha çox dinc sakinin ölümünə nail olmağa çalışır. Ermənistan məkrli və dağıdıcı siyasətini davam etdirməklə, insanlıq əleyhinə cinayətlərdən əl çəkmək istəmir. Prezident İlham Əliyev tərəfindən Fransanın və Ermənistanın bənzər olan terrorçu siyasətlərinin ifşa edilməsi həm də dünyaya mesajdır. Bu, bir daha təsdiq edir ki, Fransa və Ermənistanın siyasəti terror və işğalçılıq üzərində qurulub.

Mustafa KAMAL,

"Respublika".