TOVUZ: KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALINDA ARTIM VAR
Region

TOVUZ: KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALINDA ARTIM VAR

Respublikamızda ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması daim diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatının inkişaf etdirilməsində yeni mərhələ başlamışdır. Məqsəd aqrar sahənin müasir, innovativ üsullarla idarə olunmasıdır.

Qazax-Tovuz iqtisadi rayonuna daxil, iqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi Tovuz rayonu bu sırada ön yerlərdə qərar tutur. Rayonda bitkiçiliyin inkişafının yüksək təşəkkül tapması ərzaq məhsullarına olan tələbatı ödəyir, eyni zamanda heyvanların yem ehtiyatının tədarük olunmasında mühüm rol oynayır.

Beləliklə, əhalinin ət və süd məhsullarına olan ehtiyacının ödənilməsinə töhfə verir. Əkinçilikdə fitosanitar qaydalara riayət olunaraq vaxtlı-vaxtında xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır. Dövlətin kənd təsərrüfatı sahəsində çalışanlara göstərdiyi dəstək, verilən subsidiyalar tovuzluların bu işə marağını daha da artırır.

Tovuz Rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdən aldığımız məlumata görə, 2022-ci ildə rayonda 11522 hektar buğda sahəsindən 50380,6 ton, (hər hektardan 43,7 sentner), 2113 hektar arpa sahəsindən 8030 ton (orta məhsuldarlıq 38 sentner), 5947,1 hektar kartof sahələrindən 173467,1 ton, 1088,3 hektar tərəvəz əkilən ərazidən 25553,7 ton, 1048,6 hektar şəkər çuğunduru sahəsindən 78814,8 ton, 3330 hektar yem bitkiləri sahələrindən 26886 ton məhsul əldə olunmuşdur.

Sevindirici haldır ki, əvvəlki illərlə müqayisədə rayonda 9443,4 ton buğda, 2100 ton arpa, 56,2 ton tərəvəz, 793,6 ton yazlıq qarğıdalı, 5704 ton çox kartof istehsal olunmuşdur.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasında Tovuzçay Su Anbarının böyük rolu var. Belə ki, anbar istifadəyə verildikdən sonra rayon ərazisində suvarmada mövcud olan bəzi problemlər aradan qaldırılmışdır.

Məlumat üçün bildirək ki, Tovuzda kənd təsərrüfatının müasir üsullarla idarə olunması üçün innovativ texnologiyalarla idarə olunan böyük təsərrüfatlar yaradılmışdır.

2022-ci ildə rayon ərazisində təkrar əkin aparılmaqla 8230 ton silosluq qarğıdalı (yaşıl kütlə) əldə olunmuşdur.

 2022-2023-cü təsərrüfat ili üçün ümumilikdə 18454 hektar sahədə taxıl əkilmişdir. Əkin aparılan sahələrin 15644 hektarını payızlıq buğda, 2810 hektarını payızlıq arpa təşkil edir.

Tovuzda aqrar sahədə bol məhsulun əldə olunması üçün cari ildə də fermerlər mövcud imkanlardan səmərəli istifadə edəcəklər.

Vəli VƏLİYEV,

"Respublika".