Türyançayda tənzimləmə işləri
Region

Türyançayda tənzimləmə işləri

Dağ çayları suyunun tənzimlənməsi çox vacibdir ki, kənd təsərrüfatına, infrastrukturlara, yaşayış məskənlərinə ciddi ziyan vurmasın. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bununla bağlı bildirir ki, ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsi Ağdaş rayonu ərazisindən keçən Türyançay çayında tənzimləmə tədbirlərini davam etdirir. Bu məqsədlə idarənin 5 ədəd texnikası çay məcrasına cəlb olunub. Çayın məcrasının genişlənərək ətraf ərazilərə zərər vurmaması üçün çayın mərkəzində olan təqribən 60-70 metr enində adaları ekskavatorlar bir-birinə ötürür, buldozer isə dambalara qaldırır. Daha sonra çayın məcrasında hamarlanma işləri aparılır. Çayın sağ və sol sahilinə vurulan bu bəndlər yarana biləcək sel təhlükəsinin də qarşısını almış olur.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin Türyançay çayında gördüyü işlərin məqsədi ətrafda olan kənd əhalisi torpaqlarının mühafizəsini təmin etməkdən ibarətdir. Əgər bu işlər görülməzsə, çay məcrasından gələn sel suları həmin torpaqları erroziyaya uğradar və torpaqlar aşınmaya səbəb ola bilər. Erroziyaya uğrayan torpaqlar isə yeyilərək əkin sahələrinə ziyan vura bilər. Hazırda idarənin tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlər davam edir.

***

Subtropik bölgədə yerləşən Astarada isə vəziyyət nisbətən sabitdir, burada həyat öz axarı ilə davam edir. Məlumdur ki, suvarmanın düzgün aparılması kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rola malikdir. Astarada suya tələbatı çox olan əkin sahələri çayçılıq, çəltikçilik, sitrusçuluq, bostan bitkiləri və yonca otlaq sahələridir ki, bu ərazilər də su ilə tamamilə təmin olunublar. Hazırda rayonda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biri olan Astarada 4516 hektar əkinəyararlı suvarılan torpaq sahəsi var. Astara Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılıb.

Astara rayonu ərazisində 4 su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir. Astarada yerləşən yeganə su anbarı Lovayının tutumu 6,3 milyon kubmetrdir. Bu su anbarının mənbəyi əsasən yağış sularıdır. Hazırda bir sıra əkin sahələrinin su ilə təminatı uğurla həyata keçirilir. Rayonda əsasən suya tələbatı çox olan çayçılıq, çəltikçilik, sitrusçuluq, yonca otlaq sahələri və bostan bitkiləridir. Bu əkin yerlərini su ilə təmin etmək üçün 253 min kilometrlik açıq kanalların üzərində 400-dən çox bənd qurulub. Qeyd edək ki, Astarada 250 hektar çəltik sahəsi var və bu sahələrin suvarılması artıq yekunlaşmaq üzrədir.

N.ƏHMƏDOĞLU,

"Respublika".